ADPU-da beynəlxalq seminar keçirilib


Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) T-Network təhsil işçilərinin təcrübə və kommunikasiya platforması və ADPU-nun təşkilatçılığı ilə "Təhsildə ənənəvi anlayışlara yeni baxış" mövzusunda beynəlxalq seminar keçirilib.

 

Seminarda təhsil və elmi ictimaiyyətin nümayəndələri, millət vəkilləri, məktəb direktorları, ali və orta məktəb müəllimləri iştirak ediblər.

 

Açılış nitqi ilə çıxış edən ADPU-nun rektoru professor Cəfər Cəfərov tədbirin əhəmiyyətindən söz açaraq, XXI əsrin yeni çağırışlar əsri olduğunu diqqətə çatdırıb. Bildirib ki, süni intellekt çağında xüsusən pedaqoji təhsildə daimi tədqiqatların aparılması və müasir yanaşmaların tətbiqi olduqca zəruridir.

 

Seminarda Türkiyənin Baxçaşəhər Universitetinin təhsil elmləri fakültəsinin dekanı, tanınmış türk professor Həsən Şimşək ustad dərsi ilə çıxış edib. Professor H.Şimşək 35 illik təhsil təcrübəsinə əsasən, şagird, müəllim, idarəetmə və idarəedici-lider, tədris proqramı, valideyn, nazirliklər, universitetlər başlıqları altında müxtəlif ölkə və regionların təhsil sisteminin quruluşunun müqayisəli təhlilini verib, hər bir sistemin üstün və problemli tərəflərini analiz edib, daha yaxşı təhsil üçün şəxsi araşdırmalarının nəticələrinə əsaslanan tezislərini diqqətə çatdırıb.

 

T-Network platformasının rəhbəri Cəfər Mənsiminin moderatorluğu ilə davam edən seminar sual-cavabla yekunlaşıb.

 

Qeyd edək ki, beynəlxalq seminar çərçivəsində professor H.Şimşək ADPU-nun rektoru ilə görüşüb, Pedaqoji Universitetdə təhsil və təlim üçün yaradılan şəraitlə yaxından tanış olub.