2023-cü ilin ikinci rübünün elmi nəticələrinə əsasən, ölkə üzrə fəaliyyət göstərən universitet və elmi tədqiqat institutlarının beynəlxalq səviyyədə reytinq sıralanması (“Azeri National H-index Ranking-2023”) açıqlanıb (https://az.h-index.com/az/wos).

 

Reytinq siyahılarının formalaşması üçün 20 mindən çox alim və mütəxəssisin profili və 150 minə yaxın elmi nəşr təhlil edilib. Nəticə etibarilə “Web of Science”, “Scopus” və “Google Scholar” göstəriciləri əsasında hesablanmış Hirş indeksə (H-index) görə Azərbaycanda lider elmi təşkilatların reytinq siyahısı müəyyən edilib. Bundan əlavə, ölkənin ən yaxşı 1000 elmi işçisinin ayrıca reytinq göstəriciləri “Scopus” və “Google Scholar”dakı Hirş indeksinə əsasən dərc edilib.

 

Məlumatda qeyd edilir ki, ümumi olaraq, Azərbaycanın 83 elmi təşkilatı və universitetinin elmi fəaliyyəti analiz edilib, bunlardan 10-u “Elmi potensial liderlər” statusuna, 20-dən çoxu isə “Yüksək elmi potensial” statusuna daxil edilib. Digər tədqiqat müəssisələri “Reytinq üzvləri” adlandırılıb.

 

Elm və Təhsil Nazirliyinin Aşqarlar Kimyası İnstitutu milli H-indeksi (National H-index) 17 olmaqla, reytinq siyahısında 18-ci yerdə qərarlaşıb. Elmi müəssisənin H-indeksi “Web of Science” və “Google Scholar” üzrə 21, “Scopus” üzrə isə 20-yə bərabərdir.

 

Qeyd edək ki, reytinq siyahısında ilk 3 yeri Azərbaycan Milli Elmlər Akademiyası, Fizika İnstitutu və Bakı Dövlət Universiteti bölüşür.

 

Bundan başqa, H-indeksi göstəricilərinə (“Google Scholar” və “Scopus” H-indeksləri) əsaslanaraq Azərbaycanda elmi məhsuldarlığın liderləri,  eyni zamanda hər bir elmi təşkilatda ən məhsuldar 1000 araşdırıcı müəyyən edilib. Aşqarlar Kimyası İnstitutunun baş direktoru akademik Vaqif Fərzəliyev və icraçı direktor kimya elmləri doktoru Əfsun Sucayev ən məhsuldar 100 alimin reytinq siyahısına daxil olublar.

 

Məlumat üçün bildirək ki, "Azeri National H-index Ranking” Azərbaycanda araşdırıcılar üçün vacib bir alət hesab olunur, onlara elmi məhsuldarlıqlarını və dünya elmi arenasındakı təsirlərini qiymətləndirmək, elmi fəaliyyətlərini daha səmərəli şəkildə inkişaf etdirmək üçün ən effektiv strategiyaları müəyyənləşdirməyə kömək məqsədi daşıyır.

 

“Azeri National H-index Ranking-2023”-ün əsas məqsədlərindən biri də Azərbaycan araşdırmaçılarının və institutlarının dünya miqyasında təbliğini və tanınmasını genişləndirmək, beynəlxalq əməkdaşlıqlara və tərəfdaşlıqlara cəlb etməkdir. Bununla da Azərbaycanın elmi məhsuldarlığının və beynəlxalq sahədəki təsirinin artırılması mümkün olacaq. O cümlədən, reytinq Azərbaycanda elmi fəaliyyətin inkişafı və təbliğatı üçün vacib bir vasitə olacaq, ölkənin elmi və innovasiya üzrə regional mərkəzlərindən birinə çevrilə biləcək.