Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU), İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) və Code Academy arasında birgə əməkdaşlıq məsələləri müzakirə olunub.

 

Bununla əlaqədar olaraq İRİA-nın sədri İnarə Vəliyeva və Code Academy-nin direktoru Ülvi Aslanovun rəhbərlik etdiyi nümayəndə heyətləri AzMİU-da olub. Qonaqlar AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova ilə görüşüblər.

 

Professor G.Məmmədova ölkəmizdə innovasiya ekosisteminin formalaşdırılması və mövcud mühitin inkişafı ilə bağlı çağırışlara diqqət çəkərək AzMİU-nun hər iki qurumla əməkdaşlıqda maraqlı olduğunu bildirib. Universitet, burada aparılan kadr hazırlığı, tədris prosesi, laboratoriya imkanları və elmi potensial haqqında qonaqlara ətraflı məlumat verən rektor qeyd edib ki, ixtisasından asılı olmayaraq tələbələrin informasiya texnologiyaları biliklərinə yiyələnməsi onların karyera imkanlarını genişləndirir. Professor G.Məmmədova əlavə edib ki, AzMİU-da bu istiqamətdə kurslar təşkil olunub və genişləndirilməsi üçün bundan sonra da işlər görüləcək.

 

İRİA-nın sədri İnarə Vəliyeva rəhbərlik etdiyi qurumun universitetlərlə, o cümlədən AzMİU ilə əməkdaşlıqda maraqlı olduğunu bildirib. Qeyd edib ki, innovasiya ekosisteminin inkişafı üçün agentliyin əsas hədəfi ölkəmizin kadr potensialının gücləndirilməsidir və bununla əlaqədar olaraq universitetlərlə sıx əməkdaşlıq nəzərdə tutulub.

 

İ.Vəliyeva agentliyin mövcud və perspektiv layihələri, təqaüd proqramları, əməkdaşlıq formatları haqqında da ətraflı məlumat verib.

 

Code Academy-nin direktoru Ülvi Aslanov rəhbərlik etdiyi şirkət və burada təşkil olunan kurslar haqqında danışıb. O, informasiya texnologiyaları üzrə qlobal trendlər, beynəlxalq və milli çağrışlar, eləcə də yaxın gələcəkdə formalaşa biləcək imkanlarla bağlı məlumat verib.

 

Görüş müzakirələrlə davam etdirilib.