Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin nümayəndələri ADPU-nun Quba filialında olublar


Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) beynəlxalq əlaqələr üzrə prorektoru professor Mahirə Hüseynovanın rəhbərliyi ilə Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin professor-müəllim və tələbə heyəti ADPU-nun Quba filialına səfər edib, filialın professor-müəllim və tələbə heyəti ilə görüşüb.

 

Görüşdə ADPU-nun filologiya fakültəsinin dekan müavini Könül Həsənova və  fakültənin əməkdaşları, Quba Rayon İcra Hakimiyyətinin nümayəndəsi Anar Məmmədov, ADPU-nun Quba filialının professor-müəllim və tələbə kollektivi iştirak edib.

 

Açılış nitqi ilə çıxış edən ADPU-nun Quba filialının direktoru fizika elmləri doktoru Yusif Alıyev görüşün əhəmiyyətini diqqətə çatdırıb, beynəlxalq əhəmiyyətli tədbirlərin filialda keçirilməsinə yaradılan şəraitə görə ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru professor Mahirə Hüseynovaya minnətdarlığını ifadə edib. Direktor qonaqları salamlayaraq, "Evinizə xoş gəlmisiniz!", - deyib, Azərbaycan və Özbəkistan respublikaları arasındakı ikitərəfli münasibətlərdən danışıb.

 

Çıxış edən ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru professor Mahirə   Hüseynova qardaş özbək xalqının nümayəndələri ilə səmimi görüşün təşkilinə görə filialın direktoru Y.Alıyevə və bütün kollektivə təşəkkür edib. Son illər istər siyasi, istər iqtisadi, istərsə də təhsil sahəsində əldə edilən uğurlardan danışaraq, bu istiqamətlərdə hər iki ölkə Prezidentinin rolunu xüsusi vurğulayıb, bundan sonra da bu işlərin artan dinamika ilə gedəcəyini söyləyib. Natiq çıxışının sonunda auditoriyanın istəyini nəzərə alaraq, vətən və türkçülüyə aid şeirlər səsləndirib.

 

Daha sonra Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin özbək dilinin tədrisi fakültəsinin dekanı professor Saodat Muhamedova çıxış edərək, Azərbaycan və Özbəkistanın qardaşlığının dərin tarixi köklərə dayandığını, qardaşlığa töhfə vermiş Nizami və Nəvai kimi dahilərin rolunu vurğulayaraq bildirib ki, bu əlaqələr bundan sonra da davam etdiriləcək.

 

Azərbaycan Yazıçılar Birliyi Quba bölməsinin sədri, şair Ramiz Qusarçaylı belə bir tədbirin multikultural dəyərlərə sahib Quba rayonunda keçirilməsinin önəmini qeyd edib.

 

Çıxış edənlərdən Daşkənd Dövlət Özbək dili və Ədəbiyyatı Universitetinin müəllimi Zilala Xusayinova, ADPU-nun Quba filialının ədəbiyyat və dillər kafedrasının baş müəllimi Eyvaz Şeydayev, filialın sosial və humanitar məsələlər üzrə direktor müavini Aysel Şeydayeva bildiriblər ki, bu gün Azərbaycan-Özbəkistan münasibətləri Prezident İlham Əliyev və Prezident Şavkat Mirziyoyev tərəfindən uğurla davam və inkişaf etdirilir:”Bu gün Azərbaycan bütün türk dövlətləri, o cümlədən Özbəkistanla ən yüksək səviyyədə diplomatik əlaqələrin qurulmasında və inkişaf etdirilməsində bölgənin lider dövləti kimi mühüm təşəbbüslər göstərir, türk birliyinin inkişafına böyük töhfələr verir. Həmçinin elm, təhsil və mədəni əlaqələrin möhkəmlənməsi baxımından bu cür səfərlər çox önəmlidir”.

 

Çıxışlardan sonra tədbir bədii hissə ilə davam edib.