Azərbaycan Milli Elmlər Akademiyasının Şəki Regional Elmi Mərkəzinin Tut ipəkqurdunun seleksiyası şöbəsinin rəhbəri dosent Qüdrət Bəkirov Özbəkistanın Daşkənd şəhərində yerləşən İpəkçilik İnstitutunda elmi ezamiyyətdə olub.

 

Ezamiyyət zamanı o, Daşkənd İpəkçilik İnstitutunun Seleksiya şöbəsində elmi tədqiqat işləri haqda məlumat əldə edib, tədqiqatçı və ipəkçi alimlərlə, həmçinin professor Baxtiyar Ubaydullayevlə tut ipəkqurdunun yeni sortlarının yaradılması haqqında müzakirələr aparıb.

 

Azərbaycanlı alim İpəkçilik İnstitutunun Biokimya şöbəsinin müdiri professor A.Madyarovla süni yemin hazırlanması və süni yemlə tut ipəkqurdunun yemləndirilməsi, Genetika şöbəsində professor A.Yakubov və E.Yarkina ilə partaklonun yaradılması, Tut ipəkqurdunun xəstəlikləri şöbəsinin müdiri professor Dilarom İsmatullayeva ilə isə tut ipəkqurudunun xəstəlikləri ilə bağlı fikir mübadiləsi aparıb.

 

Eyni zamanda, Şəki Regional Elmi Mərkəzinin Tut ipəkqurdunun seleksiyası şöbəsində rayonlaşdırılmış ŞZEM-4, GE-143, Yaqub və Çingiz cinsləri Daşkənd İpəkçilik İnstitutunun Seleksiya şöbəsinə təqdim edilib və mübadilə etmək məqsədilə onlardan ORZU, Yulduz 3, GÖZƏL, Marxamat, Asaka, Marvarid, Gülşən, Nəfis cinslərinin nümunələri, eləcə də sənaye yemləməsi üçün 10 qutu tut ipəkqurdu toxumu alınıb.

 

Qeyd edək ki, elmi ezamiyyət 2023-cü ilin yanvar ayında Özbəkistanın İpəkçilik İnstitutu ilə Şəki Regional Elmi Mərkəzi arasında imzalanmış müqavilənin şərtlərinə əsasən yerinə yetirilib.