Bakıda Azərbaycan Memarlıq ve İnşaat Universitetinin (AzMİU) təşkilatçılığı, Elm və Təhsil Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin dəstəyi ilə “Seysmik Dayanıqlı Müasir Qurğular” (AERS 2023) Beynəlxalq Konqresi keçiriləcək.  

 

AzMİU-dan bildirilib ki, konqresdə Türkiyə, ABŞ, Yaponiya, Kanada, İtaliya, Böyük Britaniya, Birləşmiş Ərəb Əmirlikləri, Portuqaliya, Hindistan, Yunanıstan və digər ölkələrdən olan nüfuzlu alimlər iştirak edəcəklər.

 

Konqresin plenar iclasında Tokio Texnologiya İnstitutunun fəxri professoru, Yaponiya Seysmik İzolyasiya Cəmiyyətinin prezidenti Akira Wada “Seysmik izolyasiya yastıqları və sönüm cihazları üçün yeni yüksək performanslı dinamik sınaq təsisi”, ABŞ-nın Arizona Universitetinin professoru Tribikram Kundu “Qeyri-dağıdıcı sınaq və struktur sağlamlığa nəzarət texnologiyasında son nailiyyətlər”, AzMİU-nun professoru, Zəlzələ Mühəndisliyi Elmi-Tədqiqat Mərkəzinin direktoru Azər Qasımzadə “Yeni struktur seysmik izolyasiya sistemi” mövzusunda məruzə ilə çıxış edəcəklər. Bundan əlavə, Kanada British Kolumbiya Universitetinin professoru, Zəlzələ araşdırma mərkəzinin direktoru Carlos E. Ventura, Türkiyənin Boğaziçi Universitetinin fəxri professoru Mustafa Erdik, İtalya Casaccia Araşdırma Mərkəzinin direktoru, professor Paulo Clemente, Türkiyənin Orta Doğu Texnik Universitetinin professoru Haluk Sucuoğlu və digər nüfuzlu alimlər də məruzə ilə çıxış edəcəklər.

 

AERS 2023 Beynəlxalq Konqresinin məqsədi zəlzələ mühəndisliyinin əsas hədəfləri istiqamətində aparılan tədqiqatlar haqqında hərtərəfli təsəvvürün əldə olunması, qurğuların seysmik həssaslıq dərəcəsinin azaldılması,  mövcud inşaat norma ve qaydalarında zəlzələ mühəndisliyinin əsas hədəflərindən olan üç dizayn amilinin hər birinə diqqətin artırılması, gələcək zəlzələlərin təsirinin qarşısının alınmasında müasir yeni qurğu sistemlərindən istifadəyə çağırış və bu kimi aktual məsələlərdən ibarətdir.

 

2 gün davam edəcək konqreslə bağlı daha ətraflı məlumat əldə etmək üçün konqresin rəsmi saytına (https://aers2023.com) keçid etmək lazımdır.