ADPU tələbəsi 860 və 6 yerli namizəd arasından seçilərək təqaüd proqramını qazanıb


Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) tarix və coğrafiya fakültəsinin “Coğrafiya müəllimliyi” ixtisasının tələbəsi, Azərbaycan Coğrafiya Cəmiyyətinin (ACC) üzvü Murad Hüseynov Azərbaycanda ilk dəfə olaraq “Torpaqşünaslıq” ixtisası üzrə Avropa Birliyinin (AB) “The Erasmus Mundus Master in Soil Science (emiSS)” təqaüd proqramını qazanıb.

 

ADPU-dan bildirilib ki, AB-nin Erasmus Mundus proqramı çərçivəsində 2019-2024-cü illəri əhatə edən 610528-EPP-1-2019-1-TR-EPPKA1-JMD-MOB saylı “Erasmus Mundus Master in Soil Science (torpaqşünaslıq üzrə magistr)” layihəsinin büdcəsi 3.032.000.00 avrodur. Layihənin əsas tərəfdaşları Türkiyə (Ondokuz Mayıs University), Polşa (Krakov Kənd Təsərrüfatı Universiteti), Bolqarıstan (Plovdiv Kənd Təsərrüfatı Universiteti) və İordaniyadır (İordaniya Elm və Texnologiya Universiteti). Yardımçı dəstək verən ölkələr və təşkilatlar isə Bosniya və Hersoqovina (Sarayeva Universiteti), Gürcüstan (Şota Rustaveli Dövlət Universiteti), İran (Tehran Universiteti), Yaponiya (Tokio Kənd Təsərrüfatı Universiteti), Qazaxıstan (Qazax Milli Aqrar Universiteti), Liviya (Misurata Universiteti), Serbiya (Novom Sadu Univerisiteti), Tunis (Monastır Universiteti), Ukrayna (Bila Tserkva Milli Aqrar Universiteti), Tunis (Beynəlxalq İnnovasiya və İnkişaf Mərkəzi) və Türkiyədir (AGROBIGEN Tədqiqat və İnkişaf MMC və Avrasiya Torpaqşünaslıq Cəmiyyətləri Federasiyası).

 

ADPU tələbəsi M.Hüseynov müsabiqənin ümumilikdə 860, 6 yerli namizədi arasından müvəffəqiyyət qazanaraq seçilənlər sırasındadır. Qeyd edək ki, layihədə “Torpaqşünaslıq” ixtisası üzrə Azərbaycan, Ermənistan və Gürcüstan respublikaları üzrə yalnız bir yer ayrılmışdı və üç respublika arasında Azərbaycan təmsilçisi olan Murad bu yeri qazandı.

 

Qeyd edək ki, layihənin Azərbaycan üzrə koordinatoru Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutunun əməkdaşı Ülviyyə Məmmədova və ADPU-nun ümumi coğrafiya kafedrasının “Torpaqşünaslıq” üzrə fənn müəllimi, dosent Mətanət Əsgərova tələbələrin müsabiqəyə hazırlanmasında yaxından iştirak ediblər.