Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) ilə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksi arasında əməkdaşlığa dair memorandum imzalanıb.

 

İmzalanma mərasimində ADPU-nun rektoru professor Cəfər Cəfərov, tədris işləri üzrə prorektoru dosent Eldar Aslanov, Tədris depratamentinin direktoru dosent Sənan Əliyev, pedaqoji təcrübə rəhbəri Qəmərxanım Qəribova və Kompleksin direktoru, direktor müavinləri və digərləri iştirak ediblər.

 

Kompleks rəhbərliyi ilə görüşən rektor C.Cəfərov qeyd edib ki, Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksi regional milli özəl təhsil sisteminin uğurlu nümunəsi kimi özünü göstərmiş bir təhsil müəssisəsidir və Pedaqoji Universitetlə Kompleks arasında pedaqoji internatura, digər mexanizmlər əsasında tələbələrin təcrübələrinin təşkili, mədəni-kütləvi və digər sahələrdə geniş əməkdaşlıq imkanları var.

 

Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksinin icraçı direktoru Aqşin Bağırov Kompleks haqqında ətraflı məlumat verib. Bildirib ki, burada milli, beynəlxalq proqram üzrə Azərbaycan, ingilis bölmələrində yüksək keyfiyyətli təhsil xidmətləri göstərilir və məktəb öz kateqoriyasında regionlarda yeganə belə kompleksdir. Vurğulanıb ki, hazırda vaxtilə məktəbin şagirdləri olmuş 4 nəfər ADPU məzunu məktəbə qayıdaraq pedaqoji fəaliyyət göstərir və bu baxımdan Kompleks öz məzunlarının pedaqoqlar kimi geridönüş mexanizmində maraqlıdır.

 

Daha sonra qonaqlar universitetlə yaxından tanış olub.