Qalib komandalara pul mükafatı təqdim olunub


Bakı Ali Neft Məktəbində (BANM) Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) təşkilatçılığı ilə 12-17 yaşarası yeniyetmələrin iştirakı ilə CTF (“Capture the flag”) yarışı keçirilib.

 

“Ümumi təhsil müəssisələrində kibertəhlükəsizlik üzrə maarifləndirmənin  aparılması layihəsi” çərçivəsində Elm və Təhsil Nazirliyinin və “Cyberpoint” şirkətinin dəstəyi ilə keçirilmiş yarışın texniki təşkilatçıları qismində “İnterprobe” və “UnifyBytes” şirkətləri çıxış edib. 


CTF kibertəhlükəsizlik sahəsində keçirilən praktiki təlim yarışlarının əsas məqsədi kompüter sistemlərinin mühafizəsi üzrə biliklərin yarış mühitində təcrübəyə tətbiq edilməsidir. CTF yarışlarında iştirak edən şəxslər kibertəhlükəsizlik sahəsində bilik və təcrübə qazanır, yeni peşəkar əlaqələr qurur və kibertəhlükəsizlik üzrə araşdırma təcrübəsi əldə edirlər.

 

Tədbirin açılışında bir sıra dövlət qurumları və özəl şirkətlərin nümayəndələri iştirak ediblər. Açılış nitqində AKTA-nın İdarə Heyətinin sədri Elvin Balacanov yarış barədə məlumat verib və sahə üzrə AKTA tərəfindən həyata keçiriləcək tədbirlərə dair iştirakçıları məlumatlandırıb.

 

Tədbirdə BANM-ın rektoru Elmar Qasımov, Dövlət Təhlükəsizliyi Xidmətinin müvafiq struktur bölməsinin rəisi Davud Rüstəmov, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi sədrinin müşaviri Şahin Əliyev, Elm və Təhsil Nazirliyinin sektor müdiri Vüsalə Əliyeva, eləcə də “Cyberpoint” şirkətinin direktoru Fuad Niftəliyev, “Unifybites” şirkətinin rəhbəri Mahir Yüksəl, "Caspian İnnovation Center" MMC-nin İnformasiya təhlükəsizliyi üzrə rəhbəri Rauf Mahmudlu, BANM-ın “İnformasiya təhlükəsizliyi” ixtisasının V kurs tələbəsi Hüseyn Qəmbərov və I kurs tələbəsi Nərmin Vəliyeva çıxış edərək tədbirin aktuallığı barədə fikirlərini bölüşüb və yarış iştirakçılarına tövsiyələrini veriblər.


Yarış çərçivəsində iştirakçılara veb-tətbiqetmələrdə olan zəiflik və boşluqların istismarı, kriptoqrafiya, tərs mühəndislik və s. bu kimi mövzular üzrə tapşırıqlar verilib. Yeniyetmələr tapşırıqları həll etməklə komanda şəklində mübarizə aparıblar.


Yarışın sonunda ən yüksək nəticə göstərən 3 komanda mükafatlandırılıb və I yer üçün 2000 manat, II yer üçün 1000 manat, III yer üçün 500 manat, eləcə də "Joker Sual"ını cavablandıran komandaya qiymətli hədiyyə təqdim edilib.


Qeyd edək ki, “Kiber Ulduz” CTF yarışı Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası tərəfindən yaradılmış Milli CTF Liqası çərçivəsində təşkil olunur. AKTA 2022-ci ildə təsis edilmiş və özündə ölkənin informasiya texnologiyaları və kibertəhlükəsizlik üzrə ixtisaslaşmış şirkət və təşkilatlarını birləşdirir. AKTA ölkəmizdə kibertəhlükəsizlik ekosisteminin gücləndirilməsi və potensialının artırılmasına dəstək verir.