UNEC-də Mir Cəlal Paşayevin 115 illik yubileyinə həsr olunan tədbir keçirilib


Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Heydər Əliyev İli”nə həsr olunmuş “Oxu mədəniyyəti” layihəsi çərçivəsində görkəmli yazıçı, ədəbiyyatşünas alim və pedaqoq Mir Cəlal Paşayevin 115 illik yubileyinə həsr olunan "Gəlin birgə oxuyaq" adlı tədbir keçirilib. 

 

Kitabxana-İnformasiya Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirdə çıxış edən mərkəzin direktoru Adilə Abdullayeva "Oxu mədəniyyəti" tədbirlər planında yer alan "Gəlin birgə oxuyaq" layihəsi barədə məlumat verib. İlk dəfə keçirilən tədbirin milli nəsrin parlaq simalarından olan Mir Cəlal Paşayevin 115 illik yubileyinə həsr edildiyini diqqətə çatdırıb.

 

Tədbirdə iştirak edən ADPU-nun Azərbaycan dilçiliyi kafedrasının professoru Həcər Hüseynova Mir Cəlal Paşayevin elmi, pedaqoji və yaradıcılıq fəaliyyətindən söz açıb. Ədibin yaradıcılığını tədqiq edən professor onun aforizmlərini səsləndirib, eyni zamanda Mir Cəlal Paşayevə həsr etdiyi "Mir Cəlalın hikmətli kəlamları", "Mir Cəlalın bədii əsərlərinin linqvopoetik xüsusiyyətləri"(I, II), "Mir Cəlalın aforizmləri" kitablarını UNEC Kitabxana-İnformasiya Mərkəzinə hədiyyə edib.

 

Dosent Aynur Paşayeva milli nəsrin zənginləşməsində xüsusi rolu olan Mir Cəlal Paşayevin nüfuzlu alim, yorulmaz pedaqoq, unudulmaz müəllim, humanist insan kimi xarakterik cizgilərindən maraqlı məqamları tədbir iştirakçılarının diqqətinə çatdırıb.

 

Sonda ədibin əsərlərindən ibarət bədii qiraət təqdim olunub.