Azərbaycan-Fransız Universitetində (UFAZ) Mürəkkəb Hesablama Ekosistemləri (Complex Computational Ecosystems - CCE’23) adlı beynəlxalq elmi konfrans öz işinə başlayıb.

 

Açılış mərasimində elm və təhsil nazirinin müavini Həsən Həsənli, Fransanın Azərbaycandakı səfiri Anne Boillon, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin prorektoru professor Lətafət Qardaşova, Strasburq Universitetinin professoru Pierre Collet və UFAZ-ın icraçı direktoru Vazeh Əskərov iştirakçıları salamlayıb, konfransın əhəmiyyətini vurğulayaraq onun işinə uğurlar arzulayıblar.

 

3 gün davam edəcək tədbir ADNSU, Strasburq Universiteti, Fransa Milli Elmi Araşdırmalar Mərkəzi və UNESCO  ilə birgə keçirilir.

 

Complex Comupational Ecosystems beynəlxalq 3 illik konfrans kimi ilk dəfə ölkəmizdə keçirilir və hər 3 ildən bir təkrar keçirilməsi nəzərdə tutulub. 

 

CCE çoxsəviyyəli və çoxmodallı hesablama ekosistemlərinin empirik müşahidələri ilə nəzəri sualları ehtiva edən transdissiplinar problemlərlə məşğul olan alimləri bir yerə toplayacaq.

 

Konfransda Azərbaycanla yanaşı (3 məruzə), Fransa (5 məruzə), İrlandiya (3 məruzə), Yaponiya (2 məruzə), ABŞ/Çexiya, Almaniya, Ekvador və Mavritaniyadan (hər birindən 1 məruzə), ümumilikdə 17 elmi məruzə təqdim olunacaq.  16 məqalə beynəlxalq elmi məcmu olan Springer tərəfindən dərc edilmək üçün qəbul edilib.   

 

Hibrid formatda keçirilən tədbirdə 18 məruzəçi və 5 əsas məruzəçinin çıxış etməsi gözlənilir.

 

Bu barədə UFAZ-dan bildirilib.