Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutu 2022-2023-cü illər ərzində 35 xarici ölkə ilə sıx elmi əməkdaşlıq edir. Dünya Botanika Bağları Cəmiyyəti, REA Tsisin adına Baş Botanika Bağı, N.N.Qrişin adına Botanika Bağı (Ukrayna), Sofiyevka Dendroloji Parkı, Belarusun Mərkəzi Botanika Bağı, Polşa Elmlər Akademiyasının Dendrologiya İnstitutu, Moldovanın Botanika Bağı, Şimali Qazaxıstan Universiteti və sair elmi tədqiqat müəssisələri ilə elmi əməkdaşlıq uğurla davam etdirilib və bu əməkdaşlıq sahəsində bir sıra elmi nailiyyətlər əldə olunub.

 

Dendrologiya İnstitutunun elmi əməkdaşları tərəfindən 2022-2023-cü illər üzrə 135 məqalə və tezislər beynəlxalq və yerli impaktfaktorlu jurnallarda dərc edilib.

 

İnstitut əməkdaşlarının elmi məqalələrinə edilən istinad saylarının ümumi sayı 960 istinada və ümumi H-3 indeks göstəricisinə bərabərdir.

 

Elm, texnologiya və innovasiyalar sahəsində beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsi istiqamətində görülən işlər üzrə Dendrologiya İnstitutu Qazaxıstanda XI Beynəlxalq elmi-praktik konfrans keçirəcək. 23 may 2023-cü il tarixində isə Qazaxıstanda Azərbaycanın Dendrologiya İnstitutu, Qazaxıstanın Manaş Kozıbayev adına Şimali Qazaxıstan Universiteti və Rusiyanın Surqut Dövlət Pedaqoji Universitetinin birgə təşkilatçılığı ilə dosent V.L. Rabinoviçin anadan olmasının 100 illiyinə həsr edilmiş “Riyaziyyat və təbiət elmləri problemləri” mövzusunda XI Beynəlxalq elmi-praktik konfrans keçiriləcək.

 

Dendrologiya İnstitutunun 2022-ci il üzrə elmi-tədqiqat işlərinin nəticələri MDB ölkələrinin Nəbatat Bağları Cəmiyyətinin Xəbərlər bülletenində dərc edilib. Beynəlxalq Elmlər Akademiyası Assosiasiyası yanında MDB ölkələrinin Nəbatat Bağları Cəmiyyətinin Xəbərlər bülleteninin növbəti 16 saylı buraxılışı nəşr olunub. İllik yekun hesabatlarından ibarət topluda Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Özbəkistan və Ukraynanın şəhər yaşıllaşdırılması istiqamətində park və bağlarda aparılan tədqiqatlar öz əksini tapıb. Sözügedən bülletenin dərc edilməsində məqsəd hər il olduğu kimi, 2022-ci ildə də MDB ölkələrinin Nəbatat Bağlarında və Dendrarilərdə aparılan elmi tədqiqat işlərinin nəticələri haqqında yeni məlumtlar verməkdən ibarət olub. Bülletendə MDB ölkələrinin Nəbatat Bağları Cəmiyyətinin üzvü olan Dendrologiya İnstitutunun da yekun hesabatının qısa xülasəsi verilib.

 

2022-ci il üzrə Dendrologiya İnstitutunun əməkdaşları 30-a qədər beynəlxalq və yerli konfranslar, seminarlar və simpoziumlarda iştirak ediblər.

 

Dendrologiya İnstitutunun fəaliyyət istiqamətlərinə aid 2022-ci il üzrə təqdim olunmuş 2 layihəsi “Yerli xammal əsaslı ekoloji təhlükəsiz yeni bağ məlhəmi preparatının alınması və tətbiq edilməsi” və “Köhnə neft istismar ərazi torpaqlarının fitoremediasiya üsulu ilə təmizlənməsi” qalib layihələr siyahısında yer alıb.

 

Elmi tədqiqat nəticələrinin tətbiqinə əsaslanaraq “Rozmarin yağı (təmiz və müxtəlif qatqılarda) və qurusunun kiçik həcmli istehsalı, kompleks tədqiqatların aparılması”, “Çaytikanı yağı (təmiz və müxtəlif qatqılarda) və qurusunun kiçik həcmli istehsalı, Azərbaycan florasında ixrac potensiallı, qida əhəmiyyətli, introduksiya edilmiş ağac və kol bitkilərinə məxsus meyvə və giləmeyvə məhsullarının emalı üzrə 3 biznes plan hazırlanaraq aidiyyatı qurumlara təqdim edilib.

 

Dendrologiya İnstitutunun baş direktoru vəzifəsini icra edən, dosent Minarə Həsənova, sənaye əhəmiyyətli bitkilər laboratoriyasının müdiri Zümrüd Məmmədova və institutun dissertantı Vaqidə Məmmədovanın elmi tədqiqat nəticələrinin tətbiqinə əsaslanan “Rozmarinin çoxaldılması ” (İ2023  0014) adlı birgə ixtirası 2023-cü ilin fevralında patend alıb.

 

Dendrologiya İnstitutunun 2022-2023-cü illəri əhatə edən fəaliyyət istiqaməti üzrə 5 beynəlxalq, 2 yerli elmi müqavilə imzalanıb.

 

Bu barədə Dendrologiya İnstitutundan bildirilib.