AzMİU ilə dünyanın 7 nüfuzlu mərkəzi arasında imzalanan sazişlərelmi-texnoloji təcrübə mübadiləsi, qarşılıqlı tədqiqat imkanları üçün şərait yaradacaq


Binaların və qurğuların zəlzələyə davamlılığı tikintinin hər zaman actual problemlərindən olub. Türkiyədə baş verən və “Əsrin fəlakəti” adı ilə tarixə düşən dəhşətli zəlzələ bu məsələnin nə qədər aktual olduğunu dünyaya yenidən xatırladıb. Fəlakət “Zəlzələ öldürmür, bina öldürür” həqiqətini ən acı formada gözlər önünə sərib. Sarsıdıcı hadisənin hələ acısı keçmədən, fəsadları aradan qaldırılmadan Bakıda Türkiyə, Amerika Birləşmiş Ştatları, Yaponiya, Kanada, İtaliya, Böyük Britaniya, Birləşmiş Ərəb Əmirlikləri, Portuqaliya, Hindistan, Yunanıstan və digər ölkələrdən nüfuzlu alimlərin, tanınmış mütəxəssislərin, zəlzələyə davamlı tikinti mərkəzləri rəhbərlərinin iştirakı ilə müzakirələr təşkil edilib. Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) təşkilatçılığı, Elm və Təhsil Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin dəstəyi ilə iki gün davam edən “Seysmik Dayanıqlı Müasir Qurğular” (AERS 2023) Beynəlxalq Konqresində bir araya gələn zəlzələ, onun fəsadlarının aradan qaldırılması sahəsində təcrübə və biliyə sahib mütəxəssislər davamlılıq problemlərinin əhəmiyyətindən danışıblar.

 

Binaların zəlzələyə davamlılığı yoxlanılmalıdır

 

Konqresdə çıxış edən AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova fevralın 6-da Türkiyədə baş verən zəlzələnin xalqımızı və dövlətimizi də sarsıtdığını xatırladaraq təbii fəlakət nəticəsində ortaya çıxan zərərlərin aradan qaldırılması üçün Azərbaycanın da əlindən gələni etdiyini söyləyib.

 

Rektorun sözlərinə görə, memarlığın, inşaat texnologiyalarının inkişafı, bina və qurğuların yeni konstruksiyalarının həyata keçirilməsi zəlzələyə davamlılıq problemlərini aktuallaşdırır, mövcud standartlara və normativlərə yeni təcrübələr nəzərə alınmaqla baxılmasını tələb edir: “Alimlər tikintinin keyfiyyətinin artırılması yollarını düşünməlidirlər. Bəzən nəzəriyyədəkilər praktikada özünü doğrultmur. Görünür, nəzəriyyələrə yenidən baxılmalı, yeni standartlar ortaya qoyulmalıdır. Həmçinin bu vaxta qədər tikilən binaların zəlzələyə davamlılığının yoxlanılması üçün monitorinqlər aparılmalıdır”.

 

Professor G.Məmmədova Azərbaycanda 100 illiyi qeyd edilən Ulu Öndər Heydər Əliyevin “Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra nəticələrini aradan qaldırmaqdan daha asandır” fikrini sitat gətirərək seysmoloji araşdırmalarda yeni və dərinləşdirilmiş yanaşmanın, mütərəqqi texnologiyanın tətbiqi ilə risklərin müəyyən edilməsinin vacibliyini vurğulayıb.

 

AzMİU-nun inşaat mühəndisliyində100 illik ali təhsil ənənəsini xatırladaraq universitetdə yüzlərlə yüksək ixtisaslı mühəndis kadrların yetişdirildiyini, bina və qurğuların inşası üzrə seysmoloji məsələlərin dərindən araşdırıldığını vurğulayıb. Bu baxımdan konqresin universitet alimləri üçün yeni üfüqlər açacağına, ölkəmizə və dünyaya böyük faydalar qazandıracağına əminliyini ifadə edib.

 

Fəlakətlərdən dayanıqlı bina və qurğular, kompleks yanaşma ilə üzüağ çıxmaq olar

 

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev çıxışında şəhərsalma qaydalarında tənzimləmələrə diqqət çəkib. Onun sözlərinə görə, şəhərsalma fəaliyyəti rəqəmsallaşdırılır. Azərbaycan ərazisi seysmik olduğundan tikinti obyektlərinin mexaniki təhlükəsizliyi və dayanıqlığının təmin edilməsini tənzimləyən normativ sənədlərin aktuallaşdırılmasına xüsusi diqqət yetirilir.

 

Fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev Türkiyədə zəlzələ zonasında qatıldıqları xilasetmə işləri zamanı apardıqları müşahidələrə istinad edərək, 100 illik bir neçə mərtəbəli binaların dayanıqlığına diqqət çəkib. Bu müşahidələr bina və qurğuların dayanıqlığı məsələsinin aktuallığını ortaya çıxarıb. Odur ki, belə bir problemin müzakirəsi və həlli istiqamətində bütün qurumların əməkdaşlığı, məsələyə kompleks yanaşma vacibdir.

 

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli də Türkiyədə baş verən zəlzələnin arxitektura və tikinti sahəsinə diqqəti artırdığı qənaətindədir. O, Bakının da sürüşmə zonası olduğunu xatırladaraq seysmik mikrorayonlaşmanı nəzərə almağın vacibliyinə diqqət çəkib: “İnşa edilən binalar təhlükəsiz və zəlzələyə davamlı olmalıdır”.

 

Qabaqcıl mərkəzlərlə əməkdaşlıq: Etibarlı, seysmik dayanıqlı tikintinin aparılmasına zəmin yaradacaq sazişlər imzalandı

 

“Seysmik Dayanıqlı Müasir Qurğular” (AERS 2023) Beynəlxalq Konqresi AzMİU-nun əsasını qoyduğu yeni əməkdaşlıqlarla da yadda qalacaq. Belə ki, tədbirdə universitetin Zəlzələ Mühəndisliyi Elmi-Tədqiqat Mərkəzinə geniş tədqiqat imkanları, dünya ölkələrində mövcud olan ən son seysmik texnologiya və metodların Azərbaycana gətirilməsinə, eləcə də ölkəmizdə bina və qurğuların seysmik dayanıqlığının daha da artırılmasına zəmin yaradacaq sazişlər imzalanıb.

 

Yaponiya, ABŞ, Kanada, Türkiyə, Xorvatiya və Portuqaliyanın Zəlzələ Mühəndisliyi Elmi-Tədqiqat mərkəzləri də daxil olmaqla, dünyanın 7 mərkəzi ilə imzalanan beynəlxalq əməkdaşlıq sazişləri birgə əməkdaşlıqları, elmi-texnoloji təcrübə mübadiləsi, qarşılıqlı tədqiqat imkanlarının yaradılması, aparılan tədqiqatlar haqqında məlumat mübadiləsi və bu kimi məsələləri ehtiva edir.

 

Qeyd edək ki, saziş imzalanan Zəlzələ Mühəndisliyi Elmi-Tədqiqat mərkəzləri dünyanın ən qabaqcıl texnologiyalarına sahib tədqiqat müəssisələridir. Xüsusilə Portuqaliyanın Zəlzələ Mühəndisliyi Elmi-Tədqiqat Mərkəzi tədqiqat imkanları və laboratoriyalarına görə Avropanın ən güclü seysmik elm müəssisəsi hesab olunur. Bunu nəzərə alan rektor Gülçöhrə Məmmədova imzaladıqları beynəlxalq əməkdaşlıq sazişlərinə böyük ümidlər bəsləyir: “Gələcəkdə mütəxəssis hazırlığında, eyni zamanda, inşaat elminin inkişafında bu əməkdaşlıqlara böyük ümidlər var. Sazişlər ölkəmizdə daha etibarlı, seysmik dayanıqlı tikintinin aparılmasına zəmin yaradacaq”.

 

Ruhiyyə DAŞSALAHLI