“İlk dəfə Azərbaycan komandasınınn qatıldığı ABŞ Çempionatında Azərbaycan bayrağının dalğalanmasında, himnimizin səslənməsində mənim də payım olduğu üçün çox qürurluyam”


Qürur hissi ilə xəbər veririk ki, 18-22 aprel tarixlərində ABŞ-ın Texas ştatının Hyuston şəhərində İlk Robototexnika Müsabiqəsində (FİRST Robotics Competition) Dünya Məktəbinin 4 şagirdin təmsil olunduğu Azərbaycan Robototexnika komandası  “Həvəsləndirici Mükafatı”na layiq görülüb. Dünya Məktəbinin 9-cu sinif şagirdi İbrahim Allahverdiyevin də iştirak etdiyi yarışda dünyanın hər yerindən gələn 600 komanda arasından şagirdlərimiz yenilikləri, yaradıcılıqları və mükəmməlliyə sadiqliyi ilə seçiliblər. Qeyd edək ki, ilk yarış 5-8 aprel tarixlərində Nyu-Yorkda Regional üzrə keçirilib. Bu, komandanın qatıldığı ilk yarışma olmasına baxmayaraq, I yeri əldə edib və daha sonra komanda çempionatlığa vəsiqə qazanıb. İlk Robototexnika Müsabiqəsi (FİRST Robotics Competition) NASA-nın sponsorluğu ilə keçirilən yarışmadır. İbrahim Allahverdiyev komanda şəklində əldə etdiyi nailiyyəti, eyni zamanda, gələcək hədəfləri barədə öz təəssüratlarını “Azərbaycan müəllimi”nə danışıb. Onu tanıyaq.

 

İbrahim Allahverdiyev Dünya Məktəbinin IX sinif şagirdidir. Yerli və beynəlxalq olimpiadalarda, yarışlarda iştirak edərək müxtəlif medallar və sertifikatlar əldə edən İbrahim bu yarışın gedişatı haqqında məlumat verib: “Qrupumuz ümumilikdə 22 nəfərdən ibarət olmaqla ötən il yaranıb. Qruplar özlüyündə də bir neçə komandaya bölünür. 2 mentoru olan qrupda biri qrup rəhbəri, digəri isə texniki cəhətdən robotun yığılmasında, idarəetməsində köməklik göstərən müəllimdir. Mən “Dizayn və ideyalar” komandasının kapitanıyam. Biz özümüz maket olaraq bir robot üzərində işlədik, öyrəndik.

 

Digər robot isə NASA tərəfindən yanvar ayının sonunda hissələr formasında göndərildi. Regional Nyu-York yarışmasında təqdim olunması üçün aprelin 1-ə qədər verilən ölçülərə, çəkiyə uyğun robotu düzəltməyə bizə vaxt verildi. Bütün çətinliklərə rəğmən biz nailiyyət əldə etdik. Biz ölkəmizin adını uca etdik. İlk dəfə Azərbaycan komandasının qatıldığı ABŞ Çempionatında Azərbaycan bayrağının dalğalanmasında, himnimizin səslənməsində mənim də payım olduğu üçün  çox qürurluyam”.

 

İbrahim Respublika Fənn Olimpiadasının iştirakçısı olub, hazırda informatika fənni üzrə finalçıdır. O, informatik biliklərə, layihələrə marağının çox olduğunu bildirib. 2021-ci il dekabrın 12-də Kenken Beynəlxalq Yapon Olimpiadasında I yeri tutduğuna görə mükafatlandırılıb.20-25 fevral 2022-ci il tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində MILSET Expo-Sciences Asia (ESA) sərgisində fəal iştirakına görə Callbulance layihəsi ilə “the category of İnternet of things” (loT) kateqoriyasında Azərbaycanı təmsil edib. Həmçinin, 19-24 iyul 2022-ci ildə Almaniyanın Frankfurt şəhərində keçirilən Beynəlxalq STEM Olimpiadasının Böyük Final Müsabiqəsində Math (riyaziyyat) və Science (təbiət elmləri) üzrə qızıl medalların sahibi “Best of best”ə layiq görülüb. Yeganə məktəblidir ki, hər iki kateqoriya üzrə 1-cilik qazanıb.  2022-ci ilin dekabrın 18-də keçirilən Riyaziyyat fənni üzrə 4-cü Kopernik Olimpiadasında Yerli Eliminasiya Turunda böyük bacarıq və heyrətamiz performans nümayiş etdirib və bürünc medala, 2022-ci ildə Vanda Beynəlxalq Elm Müsabiqəsində yüksək nailiyyətinə görə qızıl medala layiq görülüb. 2022-ci il Honq Konq Beynəlxalq Riyaziyyat Olimpiadasında yüksək nailiyyətinə görə Bürünc medal əldə edib. 2022-ci il sentyabrın 23-də Dünya NASA İB School Workshop-da və Sinqapur və Asiya Məktəbi Riyaziyyat Olimpiadasında uğurla iştirak edib. London Beynəlxalq Gənclər Elm Forumunun (2022) 63-cü hibrid toplantısında ölkəsini təmsil edib. 2023-cü ildə isə “Sabahın alimləri” XII Respublika Müsabiqəsinə “Əkinçi dronu” adı ilə Dünya Məktəbindən qatılıb.

 

Şagirdimizi bu əlamətdar nailiyyətlərinə görə təbrik edir, ona gələcək təhsilində uğurlar arzulayırıq. Məktəblilərin zəhmətə, əzmkarlığa və yeni növ innovasiyalara olan həvəsi sevindiricidir.

 

Tünzalə QULİYEVA