I Beynəlxalq onlayn incəsənət müsabiqə-festivalı yekunlaşdı


Özbək, türkmən, qırğız, qazax... Gənc Tamaşaçılar Teatrı qapılarını dünən dili bir, soyu bir, adəti-ənənəsi bir, ruhu bir, şeiri-qəzəli bir, ən əsası Nizamisi bir olan xalqların məktəblilərinin şərəfinə açdı. Burda türkdilli dövlətlərin məktəbliləri arasında keçirilən “Xəmsə möcüzəsi” adlı birinci beynəlxalq onlayn incəsənət müsabiqə-festivalının yekun tədbiri keçirildi. Səhnəyə ilk gələn Nizami özü oldu. Xalqın içindən çıxaraq ucalan Nizami səhnəyə də elə zaldan keçib qalxdı, əsərlərini məktəblilərin təqdimatında qürurla izlədi. 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin yetirmələri isə adı olub, özləri gəlməyən məktəbli dostlarını onlara aid rəqslərlə layiqincə təmsil etdilər...

 

2000 nəfər qatıldı, 71 nəfər fərqləndi

 

“Adı olub, özü olmayan” dedik, çünki onlayn keçirilən bir festivaldan söhbət gedir.3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkil etdiyi müsabiqə-festival Elm və Təhsil Nazirliyinin dəstəyi ilə ilk dəfə gerçəkləşdi. Məktəblilər sənət nümayiş etdirdilər, oxudular, oynadılar, şeir deyib, böyük Nizamini sətir-sətir səhnələşdirdilər. Hələ Nizami yaradıcılığında ümumbəşəri dəyərləri incələyib inşa yazanları demirik...

 

Qeyd edək ki, qiraət,  rəssamlıq, musiqi, dram, inşa yazı bacarıqları olan uşaqların onlayn qatıldığı müsabiqə-festivaltürkdilli dövlətlərin məktəbliləri arasında 5 nominasiya üzrə 2 yaş qrupunda  (11-14 və 15-17) keçirilib. Müsabiqə festivala Azərbaycan, Türkiyə, Qazaxıstan, Türkmənistan, Qırğız və Özbəkistan respublikalarından ümumilikdə 2000-ə yaxın məktəbli qatılıb. Onların onlayn nümayiş etdirdikləri bacarıqlarını tanınmış mədəniyyət və incəsənət xadimlərindən ibarət münsiflər heyəti qiymətləndirib və ümumilikdə 71 qalib müəyyən edilib. Müsabiqənin nəticələrinə əsasən 2 yaş qrupu üzrə 28 nəfər I, 21 nəfər II, 22 nəfər III, 68 nəfər həvəsləndirici yerlərə layiq görülüb. Beləliklə, Nizami sevgisi ilə fərqlənən türk xalqlarının məktəbli nümayəndələri məhz bacarıqları ilə qalib olub hədiyyələr qazanıb, diplomla təltif olunublar.

 

Növbəti müsabiqə-festivala Türkiyədən dəvət

 

Onları təltif etməyə, daha böyük uğurlara həvəsləndirməyə, türk dünyasının daha çox şair-mütəfəkkirlərini oxumaları üçün ruhlandırmağa xeyli qonaq gəlmişdi. Aralarında elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı, Qırğız Respublikasının Azərbaycandakı səfiri Kayrat Osmanalıyev, Türkmənistanın ölkəmizdəki konsulu Sultan Akilov, Özbəkistan və Qazaxıstan respublikalarının, həmçinin Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun nümayəndələri, mədəniyyət və incəsənət xadimlərinin olduğu qonaqların siyahısı geniş idi.

 

Uşaqları, əvvəlcə elm və təhsil nazirinin müavini Firudin Qurbanov təbrik etdi. Nazir müavini Nizamidən, onun əsərlərinin insanın insan, şəxsiyyət kimi formalaşmasındakı rolundan danışdı. Nizaminin nəinki Azərbaycan, türk dünyası, müsəlman aləmi, hətta bütün dünya ədəbiyyatında yeri olan söz sahibi olduğunu dedi. F.Qurbanov onu da qeyd etdi ki, Nizamini oxuyanda insan həyatı dərk edir: “Nizami həyatın reallıqlarını çox gözəl ifadə edib”.

 

Nazir müavini Nizamiyə verilən dəyərə də diqqət çəkib. Sözü ilə xalqın qəlbinə yol tapan böyük şairə dövlət səviyyəsində qiymət bu günlərdə 100 illiyini qeyd etdiyimiz Ulu Öndər Heydər Əliyevin qərarı, qətiyyəti sayəsində verilib. Məhz Ümummilli Liderin israrı ilə Sovet Azərbaycanında Nizaminin 840 illik yubiley tədbiri keçirilib.

 

Bir sözlə, Nizami irsinin  təbliğinin vacibliyini vurğulayan nazir müavini qaliblərə uğurlar arzulayıb.

 

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı “Xəmsə möcüzəsi” müsabiqə-festivalının ilk olmasına baxmayaraq, artıq türk dünyasına açılan güclü bağ, böyük körpü olduğunu deyib. Bu böyük və möhkəm körpüyə görə Elm və Təhsil Nazirliyinə təşəkkür edib. Yunus Əmrə, Mövlana və başqa böyük türk mütəfəkkirlərinin növbəti müsabiqə-festivalların mövzusu olmağı diləyini dilə gətirib, müsabiqə-festivala Türkiyənin ev sahibliyi etməyə hazır olduğunu bildirib.

 

Səhnə, alqış, diplom və hədiyyə

 

Yekun tədbirdə qaliblər diplom və hədiyyələrlə təltif olunublar.

 

Azərbaycan məktəbliləri Gənc Tamaşaçılar teatrının səhnəsində hədiyyə və diplomlarını məktəbli dostlarının alqışları ilə əldə ediblər. Bədii qiraət nominasiyasında qalib olanlara hədiyyə və diplomunu Nürəddin Mehdixanlı, səhnə bacarılarına görə fərqlənənlərə Azad Şükürov, vokal, muğam, instrumental ifa üzrə bacarığı qiymətləndirilənlərə Təyyar Bayramov, rəssamlıq qabiliyyəti olanlara Arif Hüseynov, inşa yazı bacarıqlarına görə fərqlənənlərə isə hədiyyə və diplomlarını Təhsil İnstitutunun şöbə müdiri Aynur Rüstəmova təqdim edib.

 

Türk dövlətlərindən festivala qatılan məktəblilərin mükafatları müvafiq səfirliklərin nümayəndələrinə təqdim olunub.

 

Ruhiyyə DAŞSALAHLI