Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin mətbu orqanı olan “Peşə təhsili və insan kapitalı” elmi-praktiki, metodiki jurnalının 2023-cü ilin 1-ci nömrəsində həmişə olduğu kimi, bu dəfə də  bir-birindən maraqlı məqalələr dərc olunub. Qeyd edək ki, jurnalda pedaqogika, iqtisadiyyat, texnika və digər fundamental elm bölmələri üzrə məqalələr, metodiki yazılar verilir.

 

Jurnalın 6-cı səhifəsində jurnalın baş redaktoru filologiya üzrə fəlsəfə doktoru Şahbaz Balakişiyev və Əməkdar müəllim Rəsul Əsgərovun “Heydər Əliyev dayanıqlı Azərbaycan peşə təhsilinin yaradıcısıdır” başlıqlı məqaləsində Azərbaycanda 180 illik uzun tarixə malik olan peşə təhsilinin keçdiyi yola nəzər salınmış, onun bugünədək çox mürəkkəb, keşməkeşli, eyni zamanda şərəfli bir yol keçməsini, ölkə iqtisadiyyatının peşə təhsilli kadrlara olan ehtiyacının ödənilməsində mühüm rol oynamasını, nəhayət, Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə bu sistemin özünün ən yüksək inkişaf mərhələsinə çatması oxucularımızın diqqətinə çatdırılmışdır. Qeyd olunan məqalədə Ulu Öndər Heydər Əliyevin Azərbaycanda peşə təhsilinin inkişafı ilə bağlı şərəfli fəaliyyətinə ekskursiya edilərək, dahi şəxsiyyətin zəngin irsinin qiymətli bir xəzinə kimi daim öyrənilməsinə ehtiyac olduğu diqqətə çatdırılmışdır.

 

Jurnalın 15-ci səhifəsində pedaqogika bölməsində - Bakı Dövlət Universitetinin professoru, pedaqogika elmləri doktoru Hikmət Əlizadənin “Peşə təhsilində yaradıcılıq keyfiyyətinin inkişaf etdirilməsi yolları” başlıqlı məqaləsi yer alıb. Məqalədə peşə təhsili mütəxəssislərinin pedaqoji işlərini səmərəli şəkildə qurması üçün vacib olan şərtlər, təhsilalanların qabiliyyətinin nəzərə alınması, eləcə də təlim prosesində interaktiv təlim metodlarından istifadə və s. kimi maraqlı məsələlərdən bəhs edilmişdir. Bu gün dünyanın demək olar ki, bütün ölkələrində peşə təhsili müəssisələri fəaliyyət göstərir. Bu müəssisələrdə sənayenin, iqtisadiyyatın, kənd təsərrüfatının müxtəlif sahələri üçün kadrlar hazırlanır. Bəs görəsən, peşə təhsili müəssisələrində kimlər təhsil almalıdır? Bu sualın cavabını bilmək istəyirsinizsə, o zaman sözügedən məqaləni oxuya bilərsiniz.

 

Jurnalın həmin bölməsinin 21-ci səhifəsində ADPU-nun dosenti, pedaqogika üzrə fəlsəfə doktoru, qabaqcıl təhsil işçisi Şahrza Ağayevin “İnsanın intellektual fəaliyyətində texnologiyaların rolu” adlı məqaləsində alim müasir tələblərə uyğun bacarıqları uşaqlara məktəb dövründən aşılamağın vacibliyi kimi məsələlərin elmi-nəzəri və praktiki təhlilini izah etmişdir.

 

Mətbu orqanın iqtisadiyyat bölməsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin mütəxəssisi, Azərbaycan Dövlət İqtisad Universitetinin magistri Natiq Alpsoyun “Beynəlxalq simal-cənub nəqliyyat dəhlizi: Trans-Avrasiya əlaqələrinin gücləndirilməsi” başlığı altında yazısı öz əksini tapıb.

 

Texnika bölməsində - Sumqayıt Dövlət Universitetinin Mülkü Müdafiə, tibbi və fiziki hazırlıq kafedrasının baş müəllimi Sabir Ələkbərovun “Məktəblilərin təhlükəsizliyinin təmin olunmasında mülkü müdafiə təlimlərinin əhəmiyyəti”adlı məqaləsində tədris prosesində təhsilalanların müdafiəsinin təşkili məsələləri və onların fövqəladə hallar zamanı özlərini necə aparmağın qaydaları haqqında lazımi məlumatlar yer alıb. Həmçinin həmin bölmədə Azərbaycan Texniki Universitetinin Mühəndis fizikası və elektronika kafedrasının dosenti, texniki elmlər üzrə fəlsəfə doktoru Rəhim Rəhimovun “Biometrik autentifikasiya sisteminin xüsusiyyətləri və perspektivləri” başlıqlı yazısı jurnalın 75-ci səhifəsində öz yerini tutub.

 

Prezident Kitabxanasının şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafanın “Qədim Azərbaycan şəhəri - İrəvan” başlıqlı məqaləsində qədim İrəvanın ermənilərə heç bir aidiyyəti olmadığına dair tarixi faktlar geniş işıqlandırılıb.

 

Təqdim olunan jurnalın bu nömrəsində oxucular adları qeyd olunan müəlliflərlə  yanaşı, eyni zamanda metodika və innovasiyalar bölmələri üzrə də bir-birindən maraqlı məqalələr və elmi metodiki yazılarla tanış ola bilərlər.