Üçüncü “Yüksəliş” müsabiqəsinin onlayn mərhələsinin qabiliyyət üzrə sınaq imtahanı keçirilib. İştirakçıların onlayn formada qatıldıqları sınaq imtahanında 5556 namizəd iştirak edib. Suallar verbal məlumatlarla işləmək bacarığı, rəqəmsal məlumatlarla işləmək bacarığı və abstrakt düşüncə olmaqla 3 blok üzrə aparılıb.

 

Sınaq imtahanı iştirakçıların həm sistem, həm də suallarla tanışlığı məqsədilə həyata keçirilib. Qarşıda iştirakçıları onlayn mərhələnin son turu olan qabiliyyət üzrə əsas imtahan gözləyir. İmtahan 7 may tarixində baş tutacaq. Müsabiqədə ədalətli rəqabəti təmin etmək məqsədilə test sualları bir çox beynəlxalq sistemdə tətbiq edilən T-şkala ilə qiymətləndiriləcək. T-şkalası təhsil üzrə test xidməti tərəfindən təsdiqlənən və bir çox beynəlxalq imtahanlarda (Toefl, GMAT, SAT və s.) tətbiq olunan üsuldur. Qabiliyyət imtahanında ən yüksək bal toplayan iştirakçıların ilk 10%-i müsabiqənin növbəti mərhələsi olan əyani mərhələyə keçid haqqı qazanacaqlar.

 

Qeyd edək ki, “Yüksəliş” müsabiqəsinin 20 qalibini 1 il ərzində idarəçi rəhbərlərdən – iri şirkətlərin top-menecerlərindən və dövlət orqanlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq imkanı, kadr ehtiyatı bankına daxil edilmə və 20.000 AZN dəyərində pul mükafatı gözləyir.