Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar silsilə tədbirlərə start verib. Mərkəz ilin sonuna qədər  “Azərbaycan multikulturalizmi” fənninin xarici ölkə universitetlərində tədrisi layihəsinin icra olunduğu ali təhsil müəssisələrində - Ural Federal Universiteti (Rusiya),  İvan Cavaxaşvili adına Tbilisi Dövlət Universiteti (Gürcüstan), Vrotslav Universiteti (Polşa), Hokkaydo Universiteti (Yaponiya), Erciyəs Universiteti (Türkiyə),  Müqəddəs Kliment Oxridski adına Sofiya Universiteti (Bolqarıstan), Malayziya Universiteti (Malayziya), Gadjah Mada Universiteti (İndoneziya), Aleksandr İohan Kuzi Universiteti (Rumıniya), Paraiba Federal Universitetində (Braziliya) Ulu Öndər Heydər Əliyevə həsr olunan tədbirlər, konfranslar, seminarlar, dəyirmi masalar təşkil etməyi nəzərdə tutur. 


Silsilə tədbirlər çərçivəsində Ural Federal Universitetində keçirilən “İndiki dövrün qlobal və regional problemləri: mənbələr və perspektivlər. Şərq və Qərb” mövzusunda XV Beynəlxalq elmi konfransın plenar iclası Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub. Tədbirdə Ural Federal Universitetinin müəllim və tələbə heyəti ilə yanaşı, Rusiya Xarici İşlər Nazirliyinin, eləcə də Yekaterinburq şəhər icra hakimiyyətinin nümayəndələri də iştirak ediblər.


Plenar iclasda çıxış edənlər Rusiya-Azərbaycan münasibətlərini təhlil edərək, bu əlaqələrin inkişafında Heydər Əliyevin rolunu xüsusilə vurğulayıblar. Ümummilli Liderin 100 illik yubileyinə həsr olunmuş “Mədəni müxtəliflikdə birlik: Azərbaycan timsalında” mövzusunda XIII Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçısı Kristina Tretyakova çıxışı zamanı Bakıda keçirilən qış məktəbi haqda danışıb.

 

Tədbirdə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Tədris şöbəsinin müdiri İrina Kunina “Bünövrəsi Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycanın çoxtərəfli diplomatiyasının xüsusiyyətləri” mövzusunda təqdimatla çıxış edib.