Azərbaycan-Fransız Universiteti (UFAZ) Mürəkkəb Hesablama Ekosistemləri (Complex Computational Ecosystems - CCE23) adlı beynəlxalq elmi konfransa evsahibliyi edib. 3 gün davam edən tədbir ADNSU, Strasburq Universiteti, Fransa Milli Elmi Araşdırmalar Mərkəzi və UNESCO (UniTwin) ilə birgə təşkil olunub.

 

Tədbir CCE23 çoxsəviyyəli və çoxmodallı hesablama ekosistemlərinin empirik müşahidələri ilə nəzəri sualları ehtiva edən transdissiplinar problemlərlə məşğul olan 20-dən çox alimi bir yerə toplayıb. Ümumilikdə konfransda 17 elmi məqalə təqdim olunub. Azərbaycanla yanaşı (3 məruzə), Fransa (5 məruzə), İrlandiya (3 məruzə), Yaponiya (2 məruzə), ABŞ/Çexiya, Almaniya, Ekvador və Mavritaniyadan (hər birindən 1 məruzə) olan alimlər məruzə ilə çıxış ediblər. Konfransda təqdim olunan məqalələrdən 16-sı beynəlxalq elmi məcmu olan “Springer” tərəfindən dərc olunmaq üçün qəbul edilib.

 

Hibrid formatda keçirilən tədbirdə 18 məruzəçi ilə yanaşı, 5 əsas məruzəçi də çıxış edib. Məruzəçilər arasında UFAZ-ın kompüter elmləri üzrə müəllimləri Ülviyyə Əbdülkərimova, Rauf Fətəli və Samer El Zant (ADNSU-dan professor Lətafət Qardaşova və Babək Qirimov) da olub.

 

Konfransın bağlanış mərasimində Strasburq Universitetinin professoru Pyer Kolle, ADNSU-nun prorektoru professor Lətafət Qardaşova, UFAZ-ın İcraçı direktoru Vazeh Əskərov və baş katibi Elizaveta Bydanova iştirakçılara və məruzəçilərə təşəkkür edib.

 

Yekunda “Springer” jurnalı tərəfindən seçilən ən yaxşı məqalə mükafatına Strasburq Universitetinin doktorantı Amani Abou Rida layiq görülüb.

 

Konfransda, həmçinin ən yaxşı tələbə və ən yaxşı qeyri-tələbə təqdimatlarına görə də xüsusi diplomlar təqdim olunub. Ən yaxşı tələbə təqdimatına görə Majid Cabir, ən yaxşı qeyri-tələbə təqdimatına görə isə Masatoşi Funabaşi mükafatlandırılıb.

 

Beləliklə, 3 ildə bir dəfə keçirilməsi nəzərdə tutulan Complex Comupational Ecosystems beynəlxalq konfransı öz işini başa vurub.