Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 2022-2023-cü tədris ilinin yaz semestrinin imtahan sessiyasına hazırlıqlar davam edir.

 

Dərs cədvəlləri elektron formada tərtib olunub, dekanlıqlara, kafedralara göndərilib, həmçinin tələbələrin şəxsi kabinetində yerləşdirilib. Yaz semestrində verilən tapşırıqlar üçün konkret zaman müəyyənləşdirilib və göstərilən zaman müddətində tapşırıqların icrasına nəzarət gücləndirilib. Bu semestrdə 1039 tələbə alt dərsə yazılıb.

 

Bunu mediaya açıqlamasında AzMİU-nun tədris işləri üzrə prorektoru professor Akif Qasımov deyib. Onun sözlərinə görə, fənlərin imtahan formaları fakültələrlə birgə müəyyənləşdirilib və ixtisas fənləri istisna olmaqla, digər fənlərin attestasiyasının test formasında aparılmasına üstünlük verilib.

 

“437 fəndən 154 fənn (35%) yazılı, 256 fənn (59%) test üsulu ilə və 27 fənn (6%) imtahanlarının fakültədə keçirilməsi planlaşdırılıb. Bu tədris semestrində I kurslarda aylıq aralıq imtahanların mərkəzləşmiş formada test üsulu ilə keçirilməsi davam edəcək. Artıq bütün fənlərdən testlər test mərkəzinə göndərilib”, - deyə, prorektor əlavə edib.