Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) incəsənət və fiziki tərbiyə fakültəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş tədbir keçirilib. Tədbirdə ADPU-nun rektoru professor Cəfər Cəfərov, prorektorlar, fakültə dekanları, müvafiq struktur rəhbərləri, tələbə və müəllimlər iştirak ediblər.

 

Tədbir iştirakçıları əvvəlcə, fakültənin foyesində “Təsviri-incəsənət müəllimliyi” ixtisasının müəllim və tələbələrinin rəsm əsərlərindən ibarət sərgi ilə tanış olub, “Fiziki tərbiyə və gənclərin çağırışaqədərki hazırlığı müəllimliyi” ixtisasının tələbələri arasında şahmat və dama yarışını izləyiblər.

 

Daha sonra fakültənin akt zalında “Musiqi müəllimliyi” ixtisasının müəllim və tələbələrinin ifasında konsert proqramına start verilib.

 

Konsert proqramında baş müəllim Gülarə Aslanova, konsertmeysterlər Elmira Həsənova, Şəhla Ələkbərova və tələbələrdən Aygün Vəliyevanın müşayəti ilə müəllimlərdən Cavid Hüseynovun ifasında Cahangir Cahangirovun “Qarabağ” və “Ala göz” mahnıları, Əməkdar artist Elnur Zeynalovun ifasında “Küçələrə su səpmişəm” mahnısı, tyutor Aygün Abaszadənin ifasında Sevil Əliyevanın “Ana” mahnısı, Əfruz Süleymanovanın drijorluğu ilə incəsənət və fiziki tərbiyə fakültəsinin xor ansamblının ifasında Nailə Mirməmmədlinin “Ulu Öndər” və Fikrət Əmirovun “Odlar ölkəsi” əsərləri, tələbələrdən Arif Səmədzadənin ifasında Rauf Hacıyevin “Bakı haqqında mahnı”sı, Köçəri Məstəliyevin ifasında Səid Rüstəmovun “Qaytağı” rəqsi böyük coşğu ilə qarşılanıb.