Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) Tədris şöbəsi tərəfindən Azərbaycanın ali təhsil müəssisələrinin bakalavr və magistr səviyyələrində tədris edilən “Multikulturalizmə giriş”, “Azərbaycan multikulturalizmi” fənlərinin monitorinqi aparılıb.

 

Mərkəzdən bildirilib ki, monitorinqlərin keçirilməsində məqsəd tələbələrin bilik və bacarıqlarının səviyyəsini müəyyənləşdirməkdir. Tələbələr arasında bu fənnin tədrisi ilə bağlı sual, təklif və iradların öyrənilməsi məqsədi ilə sorğu keçirilib. Monitorinqlərin ilkin mərhələsi Azərbaycan Memarlıq və İnşaat Universiteti, Bakı Slavyan Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti və Bakı Avrasiya Universitetində təşkil edilib. Monitorinqlər BBMM-in əməkdaşları Şəmşad Əlizadə, Tahirə Məmmədzadə, Elnur Qasımov və Şahnaz Abdullayeva tərəfindən aparılıb.


Qeyd edək ki, “Multikulturalizmə giriş” fənni ölkədaxili bütün ali təhsil müəssisələrində bakalavr pilləsi üçün əsas fənn olaraq tədris proqramına daxil edilib. Daha sonra humanitar fənnlər blokunda əsas fənn olaraq qalsa da, texniki fənnlər blokunda seçmə fənn kimi təklif olunur. 2015-ci ildən həyata keçirilən “Azərbaycan multikulturalizmi” fənninin yerli və xarici ölkə universitetlərində tədrisi layihəsi çərçivəsində hazırda dünyanın 24 aparıcı universitetində bu fənn tədris olunur.


“Multikulturalizmə giriş” və “Azərbaycan Multikulturalizmi” fənlərini tədris edəcək şəxslərin hazırlanması üçün Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən ildə iki dəfə treninqlər təşkil edilir. Treninqləri uğurla bitirən müəllimlərə sertifikatlar verilir.


2015-ci ildən mərkəz tərəfindən mütəmadi olaraq “Multikulturalizmə giriş” fənninin tədrisi üzrə monitorinqlər aparılır.