Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Gənclər Fondunun dəstəyi, “Davam” Gənclər Hərəkatının təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Davamçı Gənclərin İkinci Forumu” keçirilib. Forum zamanı Ulu Öndərin əziz xatirəsi yad edilib, hərəkatın ölkə gənclər siyasətində oynadığı rol, görülən işlər, hədəf və perspektivlərdən bəhs olunub.

 

Forumda Ulu Öndərin rəhbərliyi dövründə Prezident Katibliyinə rəhbərlik etmiş tarix elmləri doktoru, professor Dilarə Seyidzadə, Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin məsul əməkdaşı Sahil Məmmədli, Gənclər Fondunun icraçı direktorunun müavini Qədir Xəlilov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədr müavini Samir Hümbətov, agentlik yanında İctimai Şuranın sədri Fərhad Qaraşov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədr müavini Rüfət Cavadov, "Davam" Gənclər Hərəkatının İdarə Heyətinin sədri Nihad Allahyarlı, hərəkatın katibliyi, ictimai xadimlər, gənc iş adamları, gənclər təşkilatları, ali təhsil müəssisələri və media nümayəndələri, o cümlədən 500-dən çox gənc iştirak edib. 

 

Forumda ötən il ərzində "Davam" Gənclər Hərəkatının sıx əməkdaşlıq etdiyi ali təhsil müəssisələri və hərəkatın ictimai həyatında fəal iştirak edən gənclərin təltifolunma mərasimi keçirilib. Mərasimdə gənclərin ictimai fəaliyyətinə verdiyi daimi dəstəyə görə Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru professor Cəfər Cəfərov “Təşəkkürnamə” ilə təltif olunub.

 

Forumun yekununda "Enerjini paylaş" devizi ilə qala gecəsi baş tutub.