Bakı Mühəndislik Universitetinin (BMU) rektoru professor Havar Məmmədov BMU-nun “TEKNOFEST-2023” Aerokosmik və Texnologiya Festivalında iştirak etmiş “RED X” komandasının üzvləri ilə görüşüb.

 

“TEKNOFEST-2023”ün final mərhələsində uğurla təmsil olunan komandanı təbrik edən rektor bu qəbildən olan tədbirlərin gənclərimizin müasir texnoloji yeniliklərə marağının artırılması, bu sahə üzrə biliklərinin dərinləşdirilməsində oynadığı rola və əhəmiyyətə diqqət çəkib.

 

“RED X”in Türkiyədə baş tutan festivalda hərbi məqsədli Pilotsuz Uçuş Aparatları (PUA) üzrə Azərbaycandan yeganə təmsilçi kimi çıxış etməsinin qürurverici olduğunu deyən H.Məmmədov BMU-nun tələbə komandalarının layihələrinin 2022-ci ilin may ayında ilk dəfə Bakıda keçirilən “TEKNOFEST Azərbaycan” festivalında yüksək səviyyədə qiymətləndirildiyini vurğulayıb.

 

Sonra “TEKNOFEST-2023”də iştirak edən mühəndislik fakültəsinin laboratoriya müdiri Rüstəm Kələntərli 5 nəfərdən ibarət (Nadir Daşdıyev, Ayişə Xudiyeva, Rəhbər Əhmədov, Kamran Abdullazadə, Kənan Məmmədov) ibarət “RED X” komandasının layihəsi barədə danışıb.

 

Çıxış edən komanda üzvləri bildiriblər ki, komandanın hazırladığı PUA “TEKNOFEST-2023” çərçivəsidə təşkil olunmuş “Uluslararası İnsansız Hava Araçları (İHA) Yarışmasına qatılan 2700 komanda arasından seçilərək, Türkiyə, Rusiya, Pakistan, Moldova və s. ölkələrdən olan 120 komanda ilə bərabər finala vəsiqə qazanıb. İstanbulda baş tutan festivalda “RED X” ilk beşliyə daxil olaraq 4- cü yerdə qərarlaşıb. Komandaya Türkiyə Texnologiya Komandası Vəqfi (T3) və  Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurası (TÜBİTAK) tərəfindən festivalın “Performans Ödülü” (43 500 Türk lirəsi mükafat) təqdim olunub. Eyni zamanda, festivalda əldə etdikləri nailiyyətlərə görə, bütün komanda üzvlərinə “Katılım” sertifikatları və  “Təşəkkürnamə”lər təqdim edilib.

 

Görüşdə Bursada təşkil olunan sərgidə “RED X”in hazırladığı layihənin diqqət çəkdiyi, Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktarın, TÜBİTAK-ın prezidenti professor Hasan Mandalın, Bursa Bələdiyyə Başkanı Alinur Aktaşın komandanın işi ilə şəxsən tanış olduqları xüsusi vurğulanıb.

 

Rektor BMU tələbələrinin innovativ layihə və təşəbbüslərinin, bu istiqamətdəki fəaliyyətinin bundan sonra da hər zaman universitet rəhbərliyi tərəfindən dəstəklənəcəyini bildirıb, komandaya yeni nailiyyətlər arzulayıb.