Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) tələbələr üçün SABAH qruplarının təqdimatı keçirilib. Təqdimatda Elm və Təhsil Nazirliyinin SABAH qrupları İcra Komitəsinin rəhbəri Eldar Qocayev, ADPU-nun sosial və humanitar məsələlər üzrə prorektoru professor Fikrət Rzayev, SABAH İcra Komitəsi rəhbərinin tələbələrlə iş üzrə müavini Sevinc Əliyeva, ADPU SABAH Mərkəzinin rəhbəri dosent Lalə Mürsəlbəyova və BDU SABAH Mərkəzinin rəhbəri İradə Süleymanova iştirak ediblər.

 

Təqdimatla çıxış edən Eldar Qocayev SABAH konsepsiyası haqqında ətraflı məlumat verərək bildirib ki, bu layihə ali təhsildə tədrisin keyfiyyətinin yüksəldilməsi, ali təhsil sistemində yeni və fərqli mühitin yaradılması, savadlı, bacarıqlı və hazırlıqlı tələbə yetişdirilməsi, əmək bazarının artan tələblərinə cavab verən kadr hazırlığının təmin edilməsi məqsədilə yaradılıb. Təhsildə innovativ tədris metodlarının tətbiqi, təhsilalanların təşəbbüslərinin dəstəklənməsi və qabaqcıl təcrübənin tətbiqi, təhsilverənlərin inkişafı, stimullaşdırılması, akademik və biznes mühitlərinin əlaqələrinin genişləndirilməsi və inteqrasiyası proqramın əsas hədəflərindəndir.

 

SABAH qruplarının əhatə dairəsi və qəbul qaydaları haqqında məlumat verən İcra Komitəsinin rəhbəri vuğulayıb ki, hazırda proqram üzrə 10 dövlət ali təhsil müəssisəsində 38 ixtisas üzrə 2500-dən çox tələbənin təhsili ilə 650 nəfərdən çox professor-müəllim heyəti məşğul olur. Layihədən indiyədək 4600-dən çox istedadlı mütəxəssislər məzun olublar. Sabah qruplarına qəbul 3 mərhələdən ibarət olmaqla, müsabiqə yolu ilə aparılır. Müsabiqədə respublikanın istənilən ali təhsil müəssisəsində yalnız tələb olunan ixtisaslar üzrə bakalavr pilləsinin I kursunda əyani əsaslarla təhsil alan və orta akademik göstəricisi 61-dən yuxarı olan tələbələr iştirak edə bilərlər. Eyni zamanda layihə üzrə artıq “Təlim və tədrisin təşkili və metodikası” ixtisaslaşması üzrə SABAH magistratura proqramı da icra olunur, bakalavr səviyyəsində cari ildən 10 yeni ixtisas üzrə qəbul aparılması nəzərdə tutulur.

 

Təqdimatdan sonra müəllim və tələbələrin sualları cavablandırılıb.