Bakı Slavyan Universitetində (BSU) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş “Azərbaycanşünaslığın aktual məsələləri (tədqiqat, elmi diskurs və beynəlmiləlləşmə)” adlı beynəlxalq elmi konfransın açılış mərasimi keçirilib.

 

BSU-nun rektoru Anar Nağıyev həyatını və fəaliyyətini Azərbaycanın tərəqqisi və inkişafına həsr edən dahi şəxsiyyət Heydər Əliyevin zəngin həyat və fəaliyyətindən söz açıb. Qeyd edib ki, Ulu Öndər dağılmış iqtisadiyyatı dirçəltmək yönündə güclü iş apararaq, Azərbaycanın iqtisadi və siyasi istiqamətlərdə aparıcı ölkələrlə bağlılığını təmin edib. A. Nağıyev həmçinin, Ümummilli Liderin təhsili, elmi, mədəniyyəti yüksəltdiyini, xalqın marağını hər yerdə önə çəkdiyini vurğulayıb. Rektor görkəmli siyasi xadimin mütərəqqi dünya ölkələrinin sırasına qalxmaq, inkişaf etmiş ölkələrə inteqrasiya olmaq üçün tarixi işlər gördüyünü deyib, Heydər Əliyevin Azərbaycan xalqının milli-mənəvi dəyərlərini qoruduğunu, digər ölkələrlə iqtisadi əlaqələri möhkəmləndirmək üçün işbirliyi yaratdığını, Azərbaycanın geosiyasi və tarixi şəraitə uyğun siyasətini müəyyənləşdirdiyini qeyd edib.

 

Rektor BSU-nun inkişafının Ulu Öndərin adı ilə sıx bağlı olduğunu diqqətə çatdırıb. Ümummilli Liderin istər 1970, istərsə də sonrakı dövrlərdə bu ali təhsil müəssisəsinin fəaliyyətini yüksək qiymətləndirdiyini qeyd edib.

 

Milli Məclisin Elm və Təhsil komitəsinin sədri Bəxtiyar Əliyev Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə baş verən  ictimai-siyasi proseslərdən danışaraq, Ulu Öndərin milli dövlətçiliyimizin xilaskarı olduğunu deyib.

 

Nəsimi rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov beynəlxalq konfransda iştirak etməkdən məmnun olduğunu bildirib.  Ümummilli Lider Heydər Əliyevin hər bir sahədə atdığı mühüm addımlarla Azərbaycan tarixində silinməz izlər qoyduğunu vurğulayıb. 

 

Elm  və Təhsil Nazirliyinin yanında Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov Ulu Öndərin təhsil sahəsində həyata keçirdiyi  islahatlardan danışıb. Məhz həmin islahatların ölkə təhsilinin gələcək inkişafına zəmin yaratdığını deyib.

 

Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev ölkəni ağır sınaqlardan çıxarmış Ümummilli Lider Heydər Əliyevin  daim dərin ehtiramla yad edildiyini bildirib.

 

Sonra Ulu Öndərin şərəfli həyat yolu və zəngin siyasi irsini əks etdirən videoçarx nümayiş etdirilib.

 

Özbəkistanın Daşkənd Dövlət Pedaqoji Universitetinin rektoru Abdulqappor Qırğızbayev Ulu Öndər Heydər Əliyevin  Özbəkistan və Azərbaycan əlaqələrinin inkişafında xüsusi rolundan danışıb.

 

Rusiya Federasiyasının Moskva Dövlət Pedaqoji Universitetinin rektoru Aleksey Lubkov Heydər Əliyevin keçmiş sovetlər dövründə fəaliyyətindən, xüsusilə təhsil sahəsində gördüyü işlərdən  bəhs edib.  

 

Gürcüstanın Kutaisi Dövlət Universitetinin rektoru Şalve  Kirtadze  Ulu Öndərin Azərbaycan-Gürcüstan münasibətlərini yüksək səviyyəyə qaldırdığını, ölkələr arasında münasibətlərin daha da möhkəmlənməsi istiqamətində atdığı addımları nəzərə çatdırıb.

 

Sonra Polşanın Torun Universitetinin professoru, “Marşalek Holdinq” nəşr evi İdarə Heyətinin sədri Adam Marşalekin videomüraciəti nümayiş olunub.

 

Türkiyə Respublikasının YÖK prezidentinin müşaviri Haşim Koç Türkiyə və Azərbaycan arasındakı qardaşlıq əlaqələrindən danışıb, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş qardaşlıq münasibətlərinin hazırda ən yüksək səviyyəyə çatdığını bildirib.

 

Konfransın açılış mərasimi bədii hissə ilə davam edib.