Proqram yekunlaşdıqdan sonra məzunlar arasında direktor olanların sayı 29.1 faiz artıb


Bir il əvvəl “Azərbaycan Respublikasının Təhsil Nazirliyi Azərbaycan Dövlət Pedaqoji Universitetinin Strateji inkişaf mərkəzilə birgə gələcəkdə dövlət ümumi təhsil müəssisələrində direktor vəzifəsində çalışmaq arzusunda olan pedaqoji kadrlar üçün “Məktəb liderliyi proqramı”na sənəd qəbulu elan edir” , - cümləsi ilə başlayan elan çoxlarının diqqətini çəkdi. Ancaq hər kəs qatıla bilməzdi, çünki proqrama, sadəcə ümumtəhsil müəssisələrində 5 il pedaqoji stajı olan ali təhsilli şəxslər müraciət edə bilir, elektron sənəd qəbulu, test imtahanı və müsahibədən ibarət üç mərhələni uğurla keçəndən sonra iştirak hüququ qazanırdı... Həmin proqram artıq başa çatıb və mayın 2-də keçirilən təntənəli bağlanış mərasimində ilk məzunlarına sertifikatları təqdim edilib.

 

145 liderlik saatından sonra

 

Əvvəla qeyd edək ki, müasir çağırışlara cavab verən məktəb liderlərinin hazırlanmasını hədəfləyən sözügedən proqram 5 modul üzrə 145 saatı əhatə edib. Direktorluğa həvəs göstərənlər məktəbin idarə olunması və liderlik, tədrisin təşkili və idarə edilməsi, təhsildə qiymətləndirmə, məktəbdə heyətin idarə edilməsi və məktəbdə ünsiyyətin təşkili və idarə edilməsi üzrə nəzəri və praktik bilik, bacarıqlar əldə ediblər. Özü də həftədə iki dəfə olmaqla cəmi 3 ay müddətində.

 

Proqram yekunlaşdıqdan sonra məzunlar arasında direktor olanların sayı 29.1 faiz (14 nəfər) artıb. Proqramı bitirən məzunlar direktor, direktor əvəzi, sektor müdiri, direktor müavini, müəllim vəzifələrində çalışırlar.

 

“İşimizi daha səmərəli qurmaq baxımından bu proqramın töhfələri danılmazdır”

 

Bu yaxınlarda Suraxanıdakı Səməd Abdullayev adına 290 nömrəli tam orta məktəbə direktor təyin olunan Yeganə Abdullayeva o hüququ qazananlardan biri oldu: “Mən “Potensial məktəb direktorları” kursunun da müdavimi olmuşam. Həmin proqramın inkişafımda rolunu hiss etdiyim üçün bu proqrama da baş vurdum və bu gün müqayisə edərək əminliklə deyə bilərəm ki, məzmun baxımından çox böyük üstünlükləri olan “Məktəb liderliyi” proqramına yaxşı ki, qatılmışam. Proqrama qatıla bilmək üçün tələb edilən bütün mərhələlərdən uğurla keçdim. Müasir liderliyin sirlərini nəzəri və praktiki biliklərlə mənimsədim. Düşünürəm ki, proqram bildiklərimizi sistemləşdirmək, bilmədiklərimizi öyrənmək və təcrübə qazanmağımıza xidmət etdi. Hazırda 290 nömrəli tam orta məktəbin direktoru vəzifəsində çalışıram. Proqramda qazandığım dəyərlərin məktəbimizdə tətbiqinə başlamışam. İşimizi daha səmərəli qurmaq baxımından bu proqramın töhfələri danılmazdır. Ona görə də proqramın davamını arzulayıram. Hətta xarici ölkələrə səfərlər edərək təcrübə mübadiləsi aparmağın işimizə töhfəsi olacağını düşünürəm. Biliyin mütəmadi yenilənməsi üçün müvafiq platformaların yaradılmasının işimizdə müsbət nəticəsi ola biləcəyini düşünürəm”.

 

Maraqlı tərəflərlə düzgün kommunikasiya

 

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru professor Cəfər Cəfərov müasir çağırışlara cavab verən məktəb liderləri hazırlamaq məqsədilə çıxdıqları bu yolun uğurlu nəticələri olacağına inandığını vurğulayıb: “Məktəb lideri məktəbin bütün maraqlı tərəfləri ilə düzgün kommunikasiya qurmalıdır. XXI əsrin məktəb liderlərinin ərsəyə gəlməsində “Məktəb liderliyi” proqramı kimi layihələrin həyata keçirilməsinin böyük əhəmiyyəti var”.

 

Cəfər Cəfərov gələcəyin məktəb liderlərinin hazırlanmasına töhfə verdikləri üçün məmnunluğunu ifadə edərək proqramın ilk məzunlarına uğurlar arzu edib.

 

Yaxşını uzaqda axtarmayın!

 

Başkent Universitetinin Təhsil İnstitutunun direktoru, “Məktəb liderliyi” proqramında “Məktəb idarəetməsi və liderlik” modulunun müəllimi Servet Özdemir “liderlikdə bağlanış olmaz, liderlik öyrənməyə davam etməkdir”, - deyərək təhsildə liderliyin önəmindən danışıb: “Liderlik fərq edilməkdir, icradır. Bu işin bitməyən bir yol olduğunu anlamaq gərəkdir”.

 

S.Özdemir “Məktəb liderliyi” proqramının məzunlarına öz fərqliliklərini ortaya qoymağı, məktəbdə fərqlilikləri üzə çıxarmağı, öz məktəbimizi qurmağı tövsiyə edib: “Hər kəsin yaxşısı özünə. Corc Vaşinqton öz məktəbini qurub. Türkiyənin özünə görə ayrı “məktəb anlayışı” var. Ona görə də yaxşını uzaqda axtarmayın, ən yaxşılar aranızda var”.

 

Sonda “Məktəb liderliyi” proqramını tədris edən müəllimlərə təşəkkür plaketləri, proqramın məzunlarına sertifikatlar təqdim edilib.

 

Ruhiyyə DAŞSALAHLI