"Heydər Əliyev İli" çərçivəsində Bakı Slavyan Universitetində (BSU) Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş “Azərbaycanşünaslığın aktual məsələləri (tədqiqat, elmi diskurs və beynəlmiləlləşmə) adlı ikigünlük beynəlxalq elmi konfransın bağlanış mərasimi keçirilib.

 

Bağlanış mərasiminə həsr olunmuş yekun iclasda rektor Anar Nağıyev konfransın hazırlıq mərhələsinin 5 aydan çox müddəti əhatə etdiyini, təşkilat komitəsində BSU əməkdaşları ilə yanaşı, respublikanın müxtəlif ali təhsil ocaqları və elmi- tədqiqat müəssisələrinin nümayəndələri, eləcə də xarici elm və təhsil müəssisələrindən qonaqların iştirak etdiyini diqqətə çatdırıb. Rektor açılış mərasimində Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev, Nəsimi rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Təhsilin İnkişafı Fondunun İdarə heyətinin sədri Elnur Nəsibov, Daşkənd Dövlət Pedaqoji Universitetinin rektoru A. Qırğızbəyov, Moskva Dövlət Pedaqoji Universitetinin rektoru A.Lobkov, Kutaisi Dövlət Universitetinin rektoru Ş.Kirtadze, Ural Federal Universitetinin rektoru A.Kokşarev, Türkiyə Yüksək Öyrətim Kurulu sədrinin müşaviri H.Koçun qatıldığını xatırladıb.

 

A.Nağıyev beynəlxalq elmi konfransa daxil olan tezislərin coğrafiyasının geniş olduğunu deyərək, çapa hazırlanacaq tezislərin 10 % -nin xarici iştirakçılara məxsusluğunu qeyd edib:”Konfrans materiallarından 100 tezis seçilərək, toplu şəklində çap olunub və elmi ictimaiyyətə təqdim ediləcək”.

 

Rektor konfransın iştirakçılıq əhatəsinin genişləndirilməsi məqsədilə regional təhsil idarələrinin də konfransa cəlb olunduğunu deyib, konfransın ilboyu və daha geniş formatda davam edəcəyini, konfrans çərçivəsində Lənkəran şəhərində bir regional bölmənin, həmçinin bir beynəlxalq bölmənin Türkiyə və ya Gürcüstanda keçirilməsinin planlaşdırıldığını nəzərə çatdırıb.

 

Beynəlxalq elmi konfransda iki gün ərzində müxtəlif bölmələrdə Ümummilli Lider Heydər Əliyevin zəngin siyasi irsi, şərəfli həyat yoluna nəzər salınıb.

 

Yekun iclasda pedaqogika və psixologiya kafedrasının müdiri, professor Piralı Əliyev konfransın nəticələri haqda hesabatla çıxış edib. O, bölmələrdə qızğın müzakirələrin keçdiyini bildirib və beynəlxalq konfransın işini yüksək dəyərləndirib.

 

Tədris işləri üzrə prorektor Ənvər Abbasov, bölmə rəhbərləri - müasir rus dili kafedrasının müdiri, professor İlyas Həmidov, ADNSU-nun əməkdaşı Rüstəm Kamal çıxış edərək, konfransın işini yüksək qiymətləndirib, müxtəlif istiqamətlərdə geniş və maraqlı müzakirələr aparıldığını vurğulayıblar.

 

Qeyd edək ki, Azərbaycandan və xarici ölkələrdən, ümumilikdə, 500 nəfərdən çox insanın iştirak etdiyi beynəlxalq konfransa Bolqarıstan, Türkiyə, Gürcüstan, Şimali Makedoniya, Rusiya, Özbəkistan, Nigeriya, Əfqanıstan, Qazaxıstan da daxil olmaqla, 20-dən çox xarici qonaq qatılıb.