Türkiyənin İğdır Universitetində Bakı Ali Neft Məktəbinin (BANM) birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş “Heydər Əliyevin anadan olmasının 100-cü İli” adlı konfrans keçirilib.

 

Konfransa BANM-ın rektoru Elmar Qasımov, İğdır Universitetinin rektoru Mehmet Hakkı Alma, akademik heyət və tələbələr qatılıblar.

 

Konfransda çıxış edən rektor E.Qasımov Azərbaycan-Türkiyə sərhəddində, Araz çayı üzərində yerləşən “Ümid” körpüsündən və Ulu Öndər Heydər Əliyevin körpünün açılmasında müstəsna xidmətlərindən bəhs edib. Rektor 1992-ci ildə istifadəyə verilən bu körpünü “könül körpüsü” adlandırıb: “Naxçıvandan İğdıra quru yolla gəldik, “Ümid” körpüsündən keçdik. O körpü 1992-ci ildə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə qurulub və Azərbaycanı qardaş Türkiyə ilə birləşdirib”.

 

İğdır Universitetinin rektoru Mehmet Hakkı Alma isə çıxışında Türkiyədə baş verən zəlzələ zamanı Azərbaycanın göstərdiyi yardımlara görə təşəkkür edib və Azərbaycan-Türkiyə münasibətlərinə toxunub. Rektor Türkiyə Cümhuriyyətinin yaradılmasının 100-cü ili və Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinin qeyd olunduğu bu ili tarixi, əlamətdar il adlandırıb.

 

Konfrans BANM ilə İğdır Universiteti arasında birgə əməkdaşlığa dair sənədin imzalanması ilə yekunlaşıb.