Psixologiya Elmi-Tədqiqat İnstitutu və “Müasir Azərbaycan Psixoloqları” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Ulu Öndər Heydər Əliyev və liderlik fenomeni” mövzusunda Respublika elmi-nəzəri konfransı keçirilib.

 

“Müasir Azərbaycan Psixoloqları” İctimai Birliyinin sədri AMEA-nın müxbir üzvü, professor Bəxtiyar Əliyev açılış nitqi ilə çıxış edərək bildirib ki, Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişi ilə milli tariximizdə, eləcə də ölkəmizin təhsil sferasında böyük bir dövrün başlanğıcının əsası qoyuldu. Həmin dövrdə təhsilə xüsusi diqqət ayıran və böyük əmək sərf edən Heydər Əliyevin rəhbərliyi ilə təhsilin müxtəlif istiqamətlərində - ümumi və ali təhsil, peşə təhsili, azərbaycanlı tələbələrin xaricdə təhsili, hərb sahəsində milli kadrların yetişdirilməsi və bir çox əhəmiyyətli layihələrin həyata keçirildiyini vurğulayan B.Əliyev Ulu Öndərin xalqı üçün miras qoyduğu bu ənənənin bu gün də ölkə başçısı tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb.

 

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Rüstəmov elmi konfransın tədqiqatçılar üçün xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb. Bildirib ki, institut fəaliyyətə başladığı dövrdən bir çox elmi konfranslara, simpoziumlara ev sahibliyi edib və bu gün institut tarixində qürurverici fəaliyyətlərdən biri də “Heydər Əliyev İli” çərçivəsində Ümummilli Liderə həsr olunmuş elmi konfransın təşkil edilməsidir. Sədr, həmçinin qeyd edib ki, Ulu Öndər tərəfindən müstəqil Azərbaycanın bütün sahələrdə inkişafı üçün möhkəm təməlinin qoyulması bu gün digər istiqamətlərdə olduğu kimi, psixologiya sahəsinin  də inkişafına zəmin yaradıb. E.Rüstəmov vurğulayıb ki, bu dəyərli ənənənin daim inkişafı üçün ölkə ziyalılarının, xüsusilə, təhsil sahəsində çalışanların müştərək əməkdaşlığı vacibdir.

 

Daha sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin ümumi psixologiya kafedrasının müdiri Psixologiya Elmi-Tədqiqat İnstitutunun Etika Şurasının sədri, Əməkdar müəllim, professor Ramiz Əliyev, həmin universitetin pedaqoji psixologiya kafedrasının müdiri professor Şəhla Əliyeva, məktəbəqədər təhsilin pedaqogikası kafedrasının müdiri professor Müseyib İlyasov, ibtidai  təhsilin  pedaqogikası və metodikası kafedrasının müdiri əməkdar elm xadimi, professor Fərrux Rüstəmov məruzələrlə çıxış ediblər.

 

Çıxışlardan sonra elmi konfrans panellər və bölmə iclasları ilə davam etdirilib.