Elm və Təhsil Nazirliyinin Aşqarlar Kimyası İnstitutu alimlərinin Portuqaliyanın Lissabon Universiteti ilə elmi əlaqələri genişlənir.

 

Belə ki, institutun elmi işçisi İbadulla Mahmudovun adıçəkilən universitetdən olan həmkarları ilə beynəlxalq əməkdaşlıq çərçivəsində həyata keçirdikləri müştərək tədqiqatlar zamanı əldə edilən mühüm nəticələrlə bağlı növbəti məqalə “New Journal of Chemistry” adlı nüfuzlu xarici jurnalda dərc olunub (https://pubs.rsc.org/en/Content/ArticleLanding/2023/NJ/D3NJ01120H). Tədqiqat işi pirazol funksiyalı 1,3,5-triazopentadien ilə Co(II/III), Ni(II) və Cu(II) komplekslərinin sintezu, quruluşları və stirolun benzaldehidə oksidləşməsində tətbiqi imkanlarının araşdırılmasına həsr edilib. Tədqiqat nəticəsində yeni metal kompleksləri alınıb, onların rentgen quruluşu müfəssəl tədqiq edilib və bütün komplekslər stirolun benzaldehidə qədər peroksidləşdirici oksidləşməsi üçün katalizator kimi sınaqdan keçirilib.

 

Kimyanın yeni istiqamətləri ilə bağlı dünya alimlərinin apardığı tədqiqatlar zamanı əldə edilən fundamental və təcrübi yenilikləri yayımlayan bu jurnal “Web of Science” bazasında arixlənib, impakt faktoru 3.925-ə bərabərdir.

 

Məlumat üçün bildirək ki, İ.Mahmudov Portuqaliyanın Lissabon Universitetində həmin elm mərkəzinin Azərbaycandan olan tanınmış alimləri  Kamran Mahmudov və  Ataş Qurbanovun rəhbərliyi altında təcrübə keçib. İndiyə qədər o, pirazol, N-benzil-, N-allilanilin əsaslı fizioloji fəallığa malik birləşmələr və onların metal komplekslərinin sintezi, tədqiqi ilə bağlı elmi-təcrübi araşdırmalar aparıb. Əldə etdiyi nəticələrdən bəhs edən 3 məqaləsi impakt faktoru yüksək olan nüfuzlu xarici jurnalda çap edilib, 2 məqaləsi hazırda çapdadır.