ADPU-da Heydər Əliyevin 100 illiyi qeyd olunub


Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Heydər Əliyev  Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş “Əsrə bərabər ömür” adlı konfrans keçirilib.

 

Heydər Əliyev Mərkəzinin müdiri Tahir Süleymanovun moderatorluğu ilə keçirilən konfransda əvvəlcə görkəmli siyasi xadimin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin  xatirələri bir dəqiqəlik sükutla yad edilib. Mərkəzin müdiri diqqətə çatdırıb ki, 2023-cü ilin "Heydər Əliyev İli" elan olunması ilə əlaqədar Pedaqoji Universitetdə müxtəlif konfrans və seminarlar təşkil edilir.

       

Konfransda giriş nitqi ilə çıxış edən ADPU-nun rektoru professor  Cəfər Cəfərov qeyd edib ki, fenomenal şəxsiyyət Heydər Əliyev xalqımızın öz çoxəsrlik tarixində yetirdiyi ən parlaq simalardan biridir:”Dərin savadı, geniş dünyagörüşü, qeyri-adi hafizəsi, analitik təfəkkürü,  mükəmməl natiqlik qabiliyyəti və təşkilatçılıq bacarığı sayəsində Ulu Öndər dünyanın ən tanınmış  dövlət başçıları ilə bir səviyyəyə yüksələ bilmişdi. ABŞ-ın sabiq Prezidenti Corc Buş onu “Cənubi Qafqazda ən əsas şəxsiyyət”, Rusiya Prezidenti Vladimir Putin “siyasət nəhəngi”, dəfələrlə Türkiyənin  Baş naziri olmuş Bülent Ecevit  “min ildə bir dəfə yetişən dahi” adlandırırdı.

      

Heydər Əliyev elə nadir liderlərdəndir ki, öz ölkəsinə iki dəfə, bir-birindən köklü şəkildə fərqlənən iki sosial-iqtisadi və siyasi sistem şəraitində uğurla rəhbərlik edə bilmişdir.  1969-1982-ci illəri əhatə edən birinci dövrdə  Azərbaycan sosial-iqtisadi gerilikdən sürətli inkişaf yoluna çıxmış, cəmiyyət həyatının bütün sahələrində əsaslı dəyişikliklər baş vermişdir.

       

Məhz müstəsna keyfiyyətləri sayəsində Heydər Əliyev 1982-1987-ci illərdə  Sovet İttifaqının ali rəhbərlərindən biri səviyyəsinə yüksəlmişdi. Heydər Əliyevədək nəinki heç bir azərbaycanlı, ümumiyyətlə, SSRİ-nin tərkibindəki heç bir müsəlman respublikasının nümayəndəsi belə yüksək mənsəbə çata bilməmişdi.

    

1993-2003-cü illər Heydər Əliyevin Azərbaycana ikinci rəhbərliyi dövrüdür.  XX əsrin sonu - XXI yüzilliyin  əvvəllərində respublikamıza Heydər Əliyev kimi  təcrübəli bir şəxsin başçılıq  etməsi xalqımızı böyük bəlalardan qurtardı. Ölkəmiz həmin illərdə xaos və anarxiyadan ictimai-siyasi sabitlik, tənəzzüldən davamlı inkişaf yoluna qədəm qoydu”.

       

Daha sonra tarix elmləri doktoru, professor Xaqani Məmmədov “Azərbaycan tarixinin Heydər Əliyev dövrü", Azərbaycan tarixi kafedrasının baş müəllimi Cəfər Xanəliyev “Heydər Əliyevin rəhbərliyi illərində Azərbaycanda təhsilin inkişafı”, ADPU-nun Tələbə Gənclər Təşkilatının sədri Təhmasib İmaməliyev “Heydər Əliyev və Azərbaycanda gənclər siyasəti” mövzularında məruzələrlə çıxış ediblər.

 

Bədii hissədə Heydər Əliyevə həsr olunmuş sənədli filmin nümayişindən sonra filologiya fakültəsinin tələbəsi, “Meh” ədəbi dərnəyinin üzvü Könül Babayeva Xalq şairi Zəlimxan Yaqubun “İmzalı, möhürlü həqiqətimsən” şeirini səsləndirib.

 

Konfrans incəsənət və fiziki tərbiyə fakültəsinin tələbə xorunun ifasında “Ulu Öndər” və “Ali Baş Komandan” mahnıları ilə yekunlaşıb.