“Dizayn təfəkkürü vasitəsilə daha güclü, daha cəsarətli, daha yaxşı təhsil üçün öyrənmə mədəniyyətinin təkmilləşdirilməsi, dözümlülüyün formalaşdırılması və dayanıqlılığın təşviq edilməsi” devizi altında təşkil edilən Dünya Təhsil Forumu öz işinə başlayıb.

 

Londonda keçirilən forum çərçivəsində dünya təhsilinin qarşısında duran əsas çətinlik və çağırışlar, onların həlli yolları müzakirə ediləcək. Forumda həmçinin öyrənmə prosesi, insanlar, müəssisə və təhsil sistemləri arasında qarşılıqlı anlaşma məsələlərinə toxunulacaq.

 

Sessiyalarda bilik, bacarıq, münasibət və dəyərlərin inkişafına yönələn siyasət, liderliyin əhəmiyyəti və təhsilin əsas məqsədləri üçün texnologiya dəstəyi müzakirə olunacaq.

 

Ümumi təhsil müzakirələrinin gündəliyində təhsilin davamlılığı, onun anlama prosesi və qlobal davamlılığa töhfə verməsi də əks olunacaq.  

 

Qeyd edək ki, Dünya Təhsil Forumunda ölkəmizi elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

 

Forum çərçivəsində Emin Əmrullayevin “Davamlılığın inkişafında təhsil və təhsil sistemlərinin inkişafında davamlılıq hansı rola malikdir?” adlı 7-ci plenar sessiyada çıxışı nəzərdə tutulur. Bununla yanaşı, elm və təhsil nazirinin iştirakı ilə ikitərəfli işgüzar görüşlərin keçirilməsi planlaşdırılır.