Ümummilli Lider tərəfindən əsası qoyulmuş xaricdə təhsil ənənəsi Prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilir


“Özüm də təsəvvür etmədən gördüm ki, Azərbaycan üçün yeni bir ali məktəb yaratmışam. Azərbaycanın ərazisində olmayan, ancaq respublikamız üçün kadr hazırlayan yeni bir ali məktəb”.

 

Heydər ƏLİYEV

 

İnkaredilməz faktdır ki, adı dövlətçiliyin rəmzinə çevrilən, nadir idarəçilik və liderlik keyfiyyətlərinə malik olan Ulu Öndər müstəqil Azərbaycanın siyasi, iqtisadi, hüquqi, sosial-mədəni əsaslarını yaradan və inkişafını təmin edən qüdrətli şəxsiyyətdir. Onun genişmiqyaslı fəaliyyətində təhsilin inkişafı hər zaman prioritet sahə kimi mühüm yer tuturdu. Təhsilin cəmiyyətin inkişafında rolunu daim yüksək qiymətləndirən dahi rəhbərin qəbul etdiyi qərarlar, uzaqgörənliklə irəli sürdüyü ideyalar, tarixi tövsiyələr bu gün də ölkəmizdə təhsil islahatlarının əsas istiqamətlərinin müəyyənləşdirilməsinə öz töhfəsini verməkdədir.

 

Ümummilli Lider Heydər Əliyevin Azərbaycan təhsilinin inkişafındakı müstəsna xidmətlərindən biri 1970-1980-ci illərdə Azərbaycandan kənarda ali təhsilli kadrların hazırlanmasıdır. Məhz bu dahi şəxsiyyətin təşəbbüsü ilə keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərinə ölkə üçün ehtiyac duyulan ixtisaslar üzrə 15 mindən artıq azərbaycanlı gənc göndərilmiş, yüksəkixtisaslı mütəxəssislər kimi hazırlanmışdı. Heydər Əliyevin böyük səyləri, o zamankı Sovet hökuməti ilə ən yüksək səviyyədə apardığı çətin danışıqları nəticəsində 1978-ci ildən etibarən hər il 800-900 tələbə göndərilməsinə nail olunmuşdu. Belə böyük sayda tələbənin göndərilməsi bir də ona görə mümkün olmuşdu ki, dil problemi, bəzən xalqımıza qarşı mənfi münasibət mane olmasın deyə, Heydər Əliyevin təşəbbüsü ilə namizədlər Azərbaycanda müvafiq ali məktəblərdə müsabiqədən keçərək respublikadan kənara göndərilirdilər. Azərbaycandan kənarda ali təhsil almış mütəxəssislərlə görüşdə Ümummilli Lider fəxrlə qeyd etmişdi: “Özüm də təsəvvür etmədən gördüm ki, Azərbaycan üçün yeni bir ali məktəb yaratmışam. Azərbaycanın ərazisində olmayan, ancaq respublikamız üçün kadr hazırlayan yeni bir ali məktəb”. Çünki o zaman Azərbaycanın ən böyük universiteti olan Bakı Dövlət Universitetinə hər il təxminən respublikadan kənara göndərilən sayda tələbə qəbul olunurdu.

 

Qeyd edək ki, 1998-ci ildə Azərbaycandan kənarda ali təhsil almış mütəxxəssislərlə Heydər Əliyevin görüşü olmuşdu və həmin görüşdə Ulu Öndər proqram xarakterli bir nitq söyləmişdi. Bu gün həmin nitqi oxuyarkən heyrət etməyə bilmirsən. Bu dahi şəxsiyyət öz əməyinin bəhrəsini görərkən necə də sevinir, məzunları öz övladları adlandırır, onlarla necə fəxr etdiyini dönə-dönə vurğulayır. Heydər Əliyev demişdi: “O vaxt mən inanırdım: vaxt gələcək ki, bu kadrlar Azərbaycana lazım olacaq. Vaxt gələcək ki, Azərbaycan müstəqil olacaq və bu kadrlar Azərbaycanın müstəqilliyini təmin edəcəklər”.

 

Həqiqətən də Heydər Əliyevin qayğısı ilə təhsil almış həmin kadrlar 50 ilədək bir müddət ərzində Azərbaycanın sosial-iqtisadi inkişafına töhfələr vermiş, aparıcı dövlət qurumlarına və fəaliyyət sahələrinə rəhbərlik etmişlər. Azərbaycandan kənarda kadr hazırlığının müstəsna əhəmiyyəti bir də onunla bağlı idi ki, onların təhsil aldıqları ixtisaslar üzrə Azərbaycanın ali məktəblərində kadr hazırlığı, demək olar ki, aparılmırdı.

 

Əlamətdar haldır ki, Azərbaycandan kənarda təhsil almış minlərlə kadrlar Azərbaycanda elmin və təhsilin inkişafına böyük töhfələr vermişlər. Hazırda 1970-1988-ci illərdə Azərbaycandan kənarda təhsil almış 450 nəfərdən çox mütəxəssis ali təhsil və elmi müəssisələrdə çalışırlar. Heydər Əliyevin xeyir-duası ilə peşəkar mütəxəssislər kimi yetişmiş həmin kadrlar onlara göstərilən etimadı doğrultmuşlar.

 

Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş xaricdə təhsil ənənəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilmişdir. Cənab Prezidentin təşəbbüsü ilə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” həyata keçirilmişdir. İnsan kapitalının inkişafına yönəlmiş həmin proqram çərçivəsində ümumilikdə 3558 nəfər gənc Dövlət Neft Fondu hesabına maliyyələşdirilməklə dünyanın 32 ölkəsinin 379 aparıcı universitetində təhsil almışdır. Həmin universitetlər dünyanın 500 ən güclü universiteti sırasındadır.

 

Proqram çərçivəsində təhsil almış tələbələrin böyük əksəriyyəti ölkəmizə qayıtmışdır. Hazırda məzunların 60 faizi özəl, 40 faizi dövlət sektorlarında fəaliyyət göstərir. Proqram təqaüdçüləri ölkə iqtisadiyyatının müxtəlif sahələrində, ayrı-ayrı dövlət qurumlarında (nazir, nazir müavini, millət vəkili), beynəlxalq təşkilatlarda (BMT), transmilli şirkətlərdə (“Microsoft”, “Google”, “Bloomberg”, “Samsung”, “LG”, “BP” və s.) və özəl sektorda töhfələrini verməkdədirlər. Sevindirici haldır ki, məzunlar arasında universitetlərimizdə akademik fəaliyyətlə məşğul olanlar da az deyildir.

 

Fəxr edirəm ki, həmin Proqramın məzunlarından biri də mənəm. Dövlətimizin yaratdığı xaricdə təhsil imkanı mənim və mənim kimi minlərlə Azərbaycan gəncinin həyatını əhəmiyyətli şəkildə dəyişmişdir. Dünyanın ən nüfuzlu universitetlərində əldə etdiyimiz peşəkar bilik və səriştələri bu gün ölkəmizin sosial-iqtisadi inkişafına sərf etməklə, çalışdığımız sahələrə töhfələr verməklə vətəndaşlıq borcumuzu yerinə yetirməyə çalışırıq.  

 

Bu siyasətin davamı kimi “2019-2023-cü illər üçün ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” təsdiq edilmişdir. Proqrama əsasən dünyanın aparıcı universitetləri ilə birgə ölkəmizdə 4 beynəlxalq ikili diplom proqramına başlanmışdır və həmin proqramlar üzrə 616 tələbə təhsil almaqdadır, ötən il 42 tələbə məzun olmuşdur. Eyni zamanda Proqram çərçivəsində 7 prioritet ixtisas istiqaməti üzrə dünyanın 22 ölkəsində beynəlxalq reytinq cədvəlləri üzrə top 500-lükdə yer alan 82 universitetdə 207 doktorant təhsil almaqdadır.

 

Ötən il təsdiq edilmiş “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində hər il 400 nəfər olmaqla, ümumilikdə 2000 nəfərədək vətəndaşımızın xaricdə nüfuzlu ali təhsil müəssisələrində bakalavriat və magistratura səviyyələrində təhsil alması nəzərdə tutulmuş, Proqramın icrasının ilk ilində dünyanın 110 nüfuzlu xarici ali təhsil müəssisəsinə 14 prioritet ixtisas istiqaməti üzrə 400 nəfərədək gənc təhsil almaq üçün göndərilmişdir.

 

Ölkənin və cəmiyyətin tərəqqisində ali təhsilli kadrların aparıcı rolunu yüksək qiymətləndirən Ulu Öndər ali təhsilin inkişafına çox böyük diqqət yetirirdi. Bildiyimiz kimi, məhz onun təşəbbüsü ilə 1970-1982-ci illərdə Azərbaycanda yeni ali məktəblər yaradılmışdı. Əgər 1960-cı illərin sonunda respublikada 12 ali məktəb var idisə, 1982-ci ildə artıq 21 ali təhsil müəssisəsi fəaliyyət göstərirdi. Bu illərdə ali məktəblərdə təhsilalanların sayı 70 mindən 100 minə yüksəlmişdi.

 

Müstəqillik illərində də Ümummilli Lider tərəfindən ali təhsilin inkişafı ilə bağlı əhəmiyyətli qərarlar qəbul edilmişdi. 1997-ci ildə bakalavriat təhsilini başa vuran məzunlar ilk dəfə olaraq magistratura səviyyəsində təhsilə başlamışdı. 2000-ci ildə ali təhsil müəssisələrinin şəbəkəsi optimallaşdırılmış, onlara universitet statusu verilmişdi.

 

Ölkə Prezidenti cənab İlham Əliyevin qayğısı nəticəsində ali təhsilin  və insan kapitalının inkişafı dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil etmişdir. Məhz bu dövrdə ali təhsil müəssisələrinin şəbəkəsi daha da inkişaf etmiş, onların sayı 2003-cü ildəki 46-dan 51-ə, təhsilalanların sayı isə 120 mindən 220 minə, ali təhsil müəssisələrinə qəbul olanların sayı 25 mindən 50 minə çatmışdır.

 

Azərbaycanda ən müasir tələblərə cavab verən ADA Universiteti, Bakı Ali Neft Məktəbi, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialları yaradılmışdır. Azərbaycan Respublikası vətəndaşlarına xaricə getmədən aparıcı ölkələrin ali təhsil standartları çərçivəsində keyfiyyətli təhsil almaq imkanının yaradılması məqsədilə Azərbaycan-Fransız Universiteti (UFAZ) fəaliyyətə başlamışdır. Dövlət başçısı tərəfindən ali təhsilin əlçatanlığının artırılması, tələbələrin sosial müdafiəsinin yaxşılaşdırılması, ölkədə yüksəkixtisaslı, peşəkar kadrların hazırlanması, ali təhsildə rəqabət mühitinin formalaşdırılması sahəsində əhəmiyyətli qərarlar qəbul olunmuşdur. Son illərdə təqaüd alan tələbələrin və dövlət sifarişi yerlərinin sayı 50 faizə çatdırılmış, təhsil tələbə kredit sistemi yaradılmış, 16 min tələbə bu imkandan yararlanmışdır. 

 

Dahi şəxsiyyət Heydər Əliyevin ölkəmiz və xalqımız qarşısında misilsiz xidmətləri unudulmazdır. Müstəqil Azərbaycan yaşadıqca, inkişaf etdikcə xalqımızın iftixarı olan Heydər Əliyevin uzaqgörən ideyaları da yaşayacaq. Əminik ki, Heydər Əliyevin yaratdığı etibarlı təmələ, ölkə Prezidenti cənab İlham Əliyevin inkişaf strategiyasına, müasir dövrün çağırışlarına uyğun olaraq növbəti illərdə Azərbaycan təhsili keyfiyyət göstəricilərinə, əhatəliliyinə və rəqabətqabiliyyətliliyinə görə aparıcı təhsil sistemlərindən birinə çevriləcəkdir.

 

Emin ƏMRULLAYEV,

Azərbaycan Respublikasının elm və təhsil naziri