İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin 78-ci ildönümü tamam olur. Bu qələbədə Bakı neftinin əvəzsiz rolu olub. Müharibə dövründə Baltik dənizindən Qara dənizə qədər uzanmış cəbhənin tələb etdiyi bütün benzinin 80, sürtkü yağlarının 90 faizini Azərbaycan təmin edib. 1943-cü ildə - texnika, texnologiyanın təşəkkül tapmadığı bir vaxtda dəniz seysmik kəşfiyyat üsulu hazırlanıb, seysmik məlumatdan və tətbiqi tədqiqatların nəticələrindən istifadə olunub.

 

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Elm və Təhsil Nazirliyi akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun icraçı direktoru kimya elmləri doktoru Əfsun Sucayev söyləyib. O deyib: “İkinci Dünya müharibəsinin taleyinin həll olunmasında təkcə Bakı nefti rol oynamayıb. Azərbaycan alimlərindən akademik Yusif Məmmədəliyev və onun tələbələrinin misilsiz əməyi xüsusi qeyd olunmalıdır. O dövrdə SSRİ-nin yüksəkoktanlı benzinə böyük ehtiyacı vardı. Bu cür benzin təyyarənin sürətini artırır, göyə qalxma müddətini azaldırdı. Kimyaçı alim Yusif Məmmədəliyevin elmi tədqiqatları sayəsində qısa müddətdə belə yüksəkoktanlı benzin alındı. O, benzolu propilenlə alkilləşdirmək yolu ilə izopropilbenzolun sintezi üsulunu işləyib hazırladı, aviasiyanın yüksəkoktanlı yanacaqla təmin edilməsinə nail oldu. Məhz bunun sayəsində idi ki, 1943-cü ilin qışından müharibənin sonunadək İL-2 və La-5 sovet qırıcı təyyarələri havada üstünlüyü ələ keçirə bildilər”.

 

Qeyd olunub ki, akademik Yusif Məmmədəliyev və onun tələbəsi Əli Quliyevin tank əleyhinə butulkalar (“Molotov kokteyli”) üçün yeni növ qarışıq hazırlaması da alimlərimizin diqqətçəkən nailiyyətlərindən idi. Alimlərimiz tərəfindən hazırlanmış alışdırıcı qarışıqdan hər il cəbhəyə yüz minlərlə butulka göndərilirdi. Bu yüngül və rahat silahdan bütün döyüş cəbhələrində geniş istifadə olunub.