Prezident yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) fəaliyyətə başlayan “SABAH Akademiya”da dünyanın ən qabaqcıl təhsil və korporativ müəssisələrinin tanınmış nümayəndələri tərəfindən həyata keçirilən “Sahibkarlığın əsasları və biznesə giriş” kursu təşkil edilib.

 

DİA-dan bildirilib ki, kursun məqsədi dünyəvi tədris üsulları ilə gəncləri məlumatlandırmaq, müasir işçi bazarında rəqabətə davamlı kadrların keyfiyyətinin yüksəldilməsi, gəncləri lazımi bilik və bacarıqlarla təmin etməklə davamlı iqtisadi inkişafa töhfə verməkdir. Kursun bu həftəki qonaq mühazirəçisi Stanford Universitetinin dekanı professor Mike Lepech olub. Professor sahibkarlığın nəzəri və praktiki aspektləri haqqında mühazirə söyləyib. Tələbələrin aktiv iştirakı ilə keçirilən mühazirə sonda onları maraqlandıran sual və cavabla yekunlaşıb.