Özbəkistanın Daşkənd şəhərində Azərbaycan, Macarıstan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistan coğrafiya cəmiyyətlərinin rəhbərləri tərəfindən Türk Dövlətlərinin Coğrafiya Şurasının (TDCŞ) yaradılması haqqında saziş imzalanıb.

 

Əsas məqsəd türkdilli ölkələr arasında innovasiya, ekologiya, turizm, mədəni-humanitar sahələrdə əməkdaşlığın gücləndirilməsidir.

 

Tədbirdə ölkəmizi Azərbaycan Coğrafiya Cəmiyyətinin (ACC) sədri, Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun şöbə müdiri Mirnuh İsmayılov və  Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Xanım Rzazadə təmsil ediblər.

 

Toplantının moderatoru, Türk Şurası Baş katibinin müavini Mirvohid Əzimov və Özbəkistan Coğrafiya Cəmiyyətinin rəhbəri Oybek Norinbayev salamlama nitqində TDCŞ-nin əsas vəzifəsinin türkdilli ölkələr arasında coğrafiya, diyarşünaslıq və əlaqəli elmlər sahəsində birgə tədbirlərin həyata keçirilməsi, o cümlədən bu sahədə elmi nailiyyətlərin geniş yayılması, ekoloji problemlərin müəyyən edilməsi, onların aradan qaldırılmasında fəal iştirak etmək üçün səylərin birləşdirilməsindən ibarət olduğunu qeyd ediblər.

 

Azərbaycan təmsilçisi M.İsmayılov çıxış edərək, Şuranın yaranmasına çoxdan ehtiyac olduğunu dilə gətirib, dili bir, dini bir, mədəniyyətləri çox oxşar olan türkdilli dövlətlərin Coğrafiya Şurasının cəmiyyətə, elmin, iqtisadiyyatın inkişafına  verə biləcəyi töhfələrdən danışıb. Daşkənd şəhərini türk mədəniyyətinin mərkəzi hesab etdiyinə görə Şuranın baş qərargahının məhz bu şəhərdə yerləşməsinin ilk təşəbbüskarı olduğunu diqqətə çatdırıb. Natiq türkdilli dövlətlərin milli, mədəni, elmi, dini dəyərlərini yüksək tutaraq gələcəkdə bu birliyin “Nobel mükafatının” təsis edilməsinin mümkünlüyünə də diqqət çəkib.

 

M.İsmayılov çıxışının sonunda Türk Dövlətlərinin Coğrafiya Şurasının baş katibi vəzifəsinə Oybek Norinbayevin namizədliyini  irəli sürüb.

 

Sonra çıxış edən digər ölkələrin nümayəndələri yeni yaradılan Şuranın türk coğrafiyasının zəngin təbii və mədəni irsini təbliğ etməklə insanlar arasında əlaqələrin dərinləşdirilməsi, elm, təhsil və innovasiya sahələrində bilik və təcrübə mübadiləsi, turizm əməkdaşlığının təşviqi üçün mühüm platforma rolunu oynayacağını qeyd ediblər. “QazaqGeography” Respublika İctimai Birliyinin İdarə Heyətinin sədri Orman Nurbayev Qazaxıstanın Şuranın yaradılması haqqında verdiyi təşəbbüsü dəstəklədiklərinə görə iştirakçılara minnətdarlığını bildirib.

 

Təsis Məclisinin yekunlarına əsasən, Özbəkistan Coğrafiya Cəmiyyətinin rəhbəri Oybek Norinbayev 3 il müddətinə Türk Dövlətlərinin Coğrafiya Şurasının sədri seçilib.