ADPU-da VII Beynəlxalq konqresin açılış mərasimi keçirilib


Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Türkiyənin İqtisadi İnkişaf və Sosial Tədqiqatlar İnstitutu (İKSAD) ilə birgə keçirilən  “Elmdə və təhsildə innovativ texnologiyalar” VII Beynəlxalq konqresin açılış mərasimi keçirilib. Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan, hibrid formatda təşkil edilən beynəlxalq konqresə Azərbaycan, Türkiyə, Gürcüstan, Albaniya, Nigeriya, Mərakeş, Benin, Hindistan, Efiopiya, Moldova, Vyetnam və Portuqaliya daxil olmaqla, ümumilikdə 12 ölkədən 150-dən çox tədqiqatçının 100-ə yaxın məruzəsinin tezisi qəbul olunub.

 

Açılış nitqi ilə çıxış edən ADPU-nun elm və innovasiyalar üzrə prorektoru professor Asəf Zamanov beynəlxalq konqresin iştirakçılarını salamlayaraq, ənənəvi keçirilən bu önəmli konfransın hər il iki dəfə - bir dəfə Azərbaycanda, bir dəfə isə qardaş Türkiyədə təşkil edildiyini söyləyib. Prorektor Azərbaycanda, ADPU-da keçirilən builki konqresin Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmasının əhəmiyyətini vurğulayaraq, Heydər Əliyevin Azərbaycanda elm və təhsilin  inkişafındakı misilsiz rolunu qeyd edib, eyni zamanda Türk dünyasının böyük oğlunun türk dövlətləri arasında elmi-mədəni əlaqələrin təşəkkülündə də müstəsna xidmətlər göstərdiyini diqqətə çatdırıb.

 

A.Zamanov bu kimi tədbirlərin beynəlxalq elmi əlaqələrin  və innovativ elmi yanaşmaların inkişafına xüsusi töhfə verdiyini qeyd edib. O, konqresdə iştirak etmək üçün Azərbyacana gələn Tiflis Dövlət Tibb Universitetinin (TDTU) professor-müəllim və tələbələrindən ibarət nümayəndə heyətinə təşəkkürünü bildirib.

 

Çıxış edənlərdən beynəlxalq əlaqələr üzrə prorektor professor Mahirə Hüseynova “Heydər Əliyevin dil siyasəti”, sosial və humanitar məsələlər üzrə prorektor professor Fikrət Rzayev “ADPU-nun pedaqoji kadr hazırlığında rolu” mövzularında fikirlərini bölüşüblər.

 

ADPU-nun Elmi-Tədqiqat Mərkəzinin müdiri dosent Ərastun Mehdiyev son dövrlərdə ADPU-da aparılan elmi-tədqiqat işlərindən bəhs edərək, qabaqcıl elmi-pedaqoji təcrübənin tədqiqi və tətbiqi məqsədi ilə universitet tədqiqatçılarının xarici ölkələrin, xüsusən, Türkiyənin elmi-tədqiqat strukturları və ali təhsil müəssisələrində araşdırmalar apardıqlarını bildirib.

 

Gürcüstan nümayəndə heyətinin rəhbəri, TDTU-nun Elmi Tədqiqat və Bacarıqlar Mərkəzinin direktoru professor  Luiza Gabunia da öz növbəsində beynəlxalq konqresin yüksək səviyyədə təşkilinə və qonaqpərvərliyə görə ADPU rəhbərliyinə minnətdarlığını ifadə edib.

 

Qeyd edək ki, konqresin materiallarına sosial və humanitar elmlər, tibb elmləri, riyaziyyat, texniki elmlər, həmçinin fənlərin təlim və tədrisi ilə bağlı alim və tədqiqatçıların akademik araşdırmaları daxil edilib. Konqresə təqdim olunan məruzə və tezislərin toplusu çap və elektron formatda nəşr ediləcək.