Mayın 12-də "Qızların STEAM və İKT bacarıqlarının artırılması və karyera seçiminə dəstək" layihəsində iştirak edən şagirdlər arasında keçirilmiş “Mexatronika” yarışının final tədbiri və mükafatlandırma mərasimi baş tutub.


Tədbirdə elm və təhsil nazirinin müavini Həsən Həsənli, UNICEF-in Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Aleks Haykens (Alex Heikens), layihə əməkdaşları, şagirdlər iştirak ediblər.


Bildirilib ki, sözügedən layihə UNICEF-in Azərbaycandakı Nümayəndəliyi və Elm və Təhsil Nazirliyinin əməkdaşlığı çərçivəsində həyata keçirilir. Bərdə, Lənkəran, Tovuz, Şirvan və Sabirabad olmaqla ölkənin 5 bölgəsində ümumilikdə 100 qız şagirdin qatıldığı 50 komanda əvvəlcə “Qadınlar kosmosda” adlı seçim turunda iştirak edib.  “Kosmik texnologiyalarda riyazi həllər” adlı final turunda isə 15 komandadan 30 şagird iştirak hüququ qazanıb.


Daha sonra layihə rəhbəri İqrar Nəzərov qonaqları salamlayaraq STEAM layihəsi və bu çərçivədə növbəti ilərdə görüləcək işlərə dair təqdimatla çıxış edib.


Elm və təhsil nazirinin müavini Həsən Həsənli öz növbəsində sözügedən layihədə iştirak edən şagirdlərə təbrikini çatdırıb, bu cür layihələrin şagirdlərin gələcək karyera seçimində önəmini vurğulayıb.


UNICEF-in Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Aleks Heikens isə STEAM əsaslı təhsilin şagirdlərin yalnız bilik və bacarıqlarını deyil, həmçinin şəxsi keyfiyyətlərini də inkişaf etdirdiyinə xüsusilə toxunub.


Sonda yarışda qalib gəlmiş komandalara sertifikat və mükafatlar təqdim edilib.



Qeyd edək ki, Bərdə, Lənkəran, Tovuz, Şirvan və Sabirabadda davam etdirilən layihənin əsas məqsədi qız şagirdlərdə 3D çap, modelləşdirmə, kodlaşdırma, CNC lazer kəsim və oyma, həmçinin mühəndislik bacarıqlarının inkişaf etdirilməsinə dəstək olmaq, onların gələcəkdə mütəxəssis kimi yetişməklərinə töhfə verməkdir.