3-cü “Yüksəliş” müsabiqəsinin onlayn mərhələsinin nəticələri açıqlanıb.

 

“Yüksəliş”dən bildirilib ki, onlayn mərhələnin ikinci turu olan qabiliyyət üzrə imtahanda iştirak edən 7024 nəfər namizəddən 1325 nəfər növbəti əyani mərhələdə iştirak hüququ qazanıb. Növbəti mərhələyə uğurla keçən namizədlərin 1095-i kişi, 230-u qadındır. İştirakçılardan 404 nəfəri ikinci, 220 nəfəri isə müsabiqəyə üçüncü dəfə qatılıb.

 

Müsabiqədə ədalətli rəqabəti təmin etmək məqsədilə test sualları bir çox beynəlxalq sistemdə tətbiq edilən T-şkala ilə qiymətləndirilib. T-şkala təhsil üzrə test xidməti tərəfindən təsdiqlənən və bir çox beynəlxalq imtahanlarda (Toefl, GMAT, SAT və s.) tətbiq olunan üsuldur. Nəticələrə əsasən, maksimal T-bal 776, o cümlədən keçid balı 580 təyin edilib.

 

Qarşıda iştirakçıları müsabiqənin əyani mərhələsi gözləyir. Əyani mərhələ qabiliyyət üzrə yoxlama və idarəetmə bacarıqları üzrə olmaqla, 2 imtahandan ibarətdir. Əyani mərhələnin idarəetmə bacarıqları üzrə imtahanına yalnız qabiliyyət üzrə yoxlama imtahanından uğurla keçən iştirakçılar buraxılacaq.

 

Qeyd edək ki, “Yüksəliş” müsabiqəsinin 20 qalibini 1 il ərzində idarəçi rəhbərlərdən – iri şirkətlərin top-menecerlərindən və dövlət orqanlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq imkanı, kadr ehtiyatı bankına daxil edilmə və 20000 AZN dəyərində pul mükafatı gözləyir.