ADPU-da Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş olimpiadaların yekun turuna start verilib


Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tələbə olimpiadalarının açılış mərasimi keçirilib. Olimpiadalarda riyaziyyat, informatika, fizika, kimya və biologiya elm sahələri üzrə I turda yüksək nəticə göstərmiş 44 tələbə iştirak edib.

 

Açılışda çıxış edən ADPU-nun elm və innovasiyalar üzrə prorektoru professor Asəf Zamanov bildirib ki, universitetdə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə çoxsaylı tədbirlər həyata keçirilir. Qeyd olunub ki, ali məktəbdə belə olimpiadalar artıq dördüncü ildir keçirilir.

 

Prorektor vurğulayıb ki, tələbələr arasında olimpiada hərəkatının geniş vüsət alması olduqca önəmlidir. Universitet olimpiadalarında iştirak edərək uğur qazanan gənclər növbəti mərhələdə respublika və dünya olimpiadalarında iştirak edirlər.

 

Qeyd olunub ki, mayın 22-də Azərbaycan dili, Azərbaycan ədəbiyyatı, Azərbaycan tarixi, Azərbaycan coğrafiyası və ingilis dili üzrə də olimpiadalar, təsviri-incəsənət üzrə isə müsabiqə keçiriləcək. Nəticələr elm sahələri üzrə tanınmış mütəxəssislərdən ibarət münsiflər heyəti tərəfindən qiymətləndiriləcək və hər bir elm sahəsi üzrə I, II, III yeri tutan tələbələr mükafatlandırılacaqlar.

 

Daha sonra Elmi-təşkilati şöbənin müdiri professor İbrahim Bayramov olimpiadanın təşkili qaydaları haqqında məlumat verib.