Azərbaycan Dövlət Pedaqoji Univeritetində (ADPU) tədris işləri üzrə prorektorluq və fakültə dekanları arasında “Rektorlar Konfransının yaradılması” (ECAR) adlı ERASMUS+ layihəsi çərçivəsində Litva səfərinin yekunları, layihə çərçivəsində yaradılmış tədris işləri üzrə komitənin gördüyü işlərlə bağlı yekun hesabat görüşü baş tutub.

 

Görüşdə tədris işləri üzrə prorektor dosent Eldar Aslanov Litvada ali təhsil sistemi, akkreditasiya qaydaları, qiymətlərin miqyası və nəticələri, Mykolas Romeris Universitetində (MRU) daxili keyfiyyət təminatı sistemi, tələbəyönümlü təhsil məsələləri haqqında məlumat verib. Həmçinin MRU-nun akademik heyətin idarə edilməsinə dair siyasəti, pedaqoji heyətin fəaliyyətinin qiymətləndirilməsi, mükafatlandırılması və sertifikatlaşdırılması, o cümlədən pedaqoji heyətin peşəkar inkişafı kimi mühüm mövzulardan bəhs edib.

 

Qeyd edək ki, 2021-2024-cü illəri əhatə edən və Bakı Biznes Universitetinin koordinatoru olduğu ECAR layihəsi Avropa Komissiyası tərəfindən maliyyələşdirilir. Layihədə yerli tərəfdaş universitetlər və Avropadan olan ali məktəblər, təşkilatlar iştirak edirlər. Əsas məqsədlərdən biri Azərbaycanda Rektorlar Konfransının yaradılması ilə yerli və Avropa ali məktəbləri arasında sıx əməkdaşlığın qurulmasına və inkişaf etdirilməsinə nail olmaqdır.