Təhsil Tələbə Krediti Fondunun tələbə kreditlərinin verilməsi ilə bağlı təbliğat-təşviqat xarakterli növbəti görüşü “Excelsior Hotel”ində Regional Təhsil İdarələrinin rəhbərləri ilə keçirilib.

 

Fondun İdarə Heyətinin sədri Araz Paşayev imtahan vaxtının, ixtisas seçiminin yaxınlaşması ərəfəsində 9 və 11-ci buraxılış sinifləri üçün belə görüşlərin keçirilməsinin mühüm olduğunu bildirib. O, eyni zamanda texniki peşə təhsilinin Təhsil Tələbə Krediti Fonduna cəlb olunması məsələsinin təsdiqlənməsi və bununla bağlı müvafiq sənədlərin Nazirlər Kabinetinə təqdim edilməsi, böyük ehtimalla sentyabr ayından etibarən texniki peşə təhsili istiqamətində də təhsil kreditinin verilməsi mümkünlüyünü diqqətə çatdırıb.

 

Fondun sədri bugünə qədər tələbə kreditindən yararlanmış tələbələrin statistikası barədə məlumat verib. Qeyd edib ki, 2021-2022-ci tədris ilində 2200 tələbə təhsil krediti alıb və məzun olub:”Layihə yaranan zaman əsas strateji məqsəd bu olub ki,  təhsilin əlçatanlığı təmin olunsun, sosial əsaslı qruplardan olan tələbələrin, ailələrin övladlarının təhsilə çıxış imkanları genişləndirilsin. Bununla yanaşı, hər bir tələbəyə öz istədiyi ixtisasda, istiqamətdə təhsil ala bilməsi üçün şərait yaratmaq qarşıya məqsəd qoyulub”.

 

Daha sonra Elm və Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev Təhsil Tələbə Krediti Fondunun faydalarından danışıb. Bunun abituriyentlərə heç bir risk almadan ödənişli ixtisasları yazmaq imkanı yaratdığını, bu baxımdan Regional Təhsil İdarələrinin üzərinə maarifləndirmənin bölgələrdə aparılması istiqamətində çox vacib işlər düşdüyünü bildirib.

 

Görüşdə bu istiqamətdə geniş müzakirələr aparılıb, Regional Təhsil İdarələrinin rəhbərləri tərəfindən bir sıra təkliflər irəli sürülüb.

 

Tünzalə QULİYEVA