Elm və təhsil naziri keçirdiyi brifinqdə bir sıra məsələlərə aydınlıq gətirib


Bu həftə elm və təhsil naziri Emin Əmrullayev brifinq keçirərək təhsil sahəsində baş verən, son aylarda geniş müzakirələrə səbəb olan hadisələrə münasibət bildirib, gözlənilən yeniliklər, dəyişikliklər barədə ictimaiyyəti məlumatlandırıb.

 

Sertifikatlaşdırma prosesinin davamı olaraq növbəti mərhələdə 33315 nəfər sertifikasiyaya cəlb ediləcək. Artıq dünən onlar şəxsi kabinetlərinə yerləşdirilən məlumatla imtahan verəcəkləri məkan, tarix və saat barədə xəbərdar olunublar. Belə ki, bu il sertifikatlaşdırma imtahanları iyunun 20-24-də keçiriləcək. Həmin günlərdə ötən il sertifikatlaşdırma imtahanlarına cəlb edilməyən regionlardan olan ibtidai sinif müəllimləri və Azərbaycan dili və ədəbiyyatı üzrə fənn müəllimləri imtahan verəcəklər.

 

Elm və təhsil naziri bu il sertifuikatlaşdırma prosesinə cəlb olunacaq müəllimlərin 5290 nəfərinin 60 yaşdan yuxarı müəllimlər olduğunu deyib. Nazir bildirib ki, qanuna ediləcək dəyişiklikdən sonra 5290 nəfərin sertifikasiyada iştirakı könüllü olacaq: “60 yaşı tamam olmuş müəllim sertifikatlaşdırma prosesində istəsə iştirak edər, istəsə yox. Amma iştirak edir, hər iki mərhələdə uğur qazanmırsa, onunla əmək müqaviləsinə xitam veriləcək”.

 

Qanunda gözlənilən başqa bir dəyişiklik isə işə ilk dəfə qəbul olunan müəllimləri maraqlandırır. Belə ki, qanunvericilikdə nəzərdə tutulan dəyişikliklə onlar 5 deyil, 3 il ərzində sertifikasiyaya cəlb edilməyəcəklər.

 

Sertifikatlaşdırmada iştirak edən və uğur qazanan müəllimlərin əməkhaqqı artırılacaq. Belə ki, 33 mindən çox müəllim üçün keçirilən imtahanın nəticəsi olaraq, onların 80-85 faizinin əməkhaqlarının artacağı gözlənilir.

 

Ötən il sertifikasiya imtahanında uğursuz nəticə göstərən 2803 müəllim üçün isə təlimlər başa çatdıqdan sonra təkrar imtahan keçiriləcək. İmtahanlar təxminən iyul ayının sonuna təsadüf edəcək: “Onlar keçid balını bu il toplamasa və ya müsahibə mərhələsindən keçməsə, əmək müqavilələrinə xitam veriləcək və həmin yerlər vakansiyaya çıxarılacaq”.

 

Nazir həmin müəllimlərin ikinci şansdan maksimum yararlanacağına ümid etdiyini bildirib: “Həmin müəllimlər üçün 57 təlim mərkəzində təlimlər təşkil edilir. Mart ayından start verilən təlimlərlə müəllimlərimizə kömək etməyə çalışırıq. Məlumat üçün deyim ki, 2803 müəllimdən 505 nəfəri təlimlərə qatılmaqdan imtina edib. Hazırda biz bunun səbəbini araşdırırıq”.

 

Bu il MİQ üzrə müsabiqəyə 10 mindən çox vakant yer çıxarılacaq

 

Son 10 ildə 34 mindən artıq müəllim müsabiqə yolu ilə işə qəbul olunub. Bu da o deməkdir ki, hazırda məktəblərdə çalışan 4 müəllimdən biri müsabiqə ilə yeni sistemlə işə götürülüb.  Ötən il keçirilən sertifikatlaşdırma prosesində də fəal iştirak edən həmin müəllimlərin 75 faizi yüksək nəticə göstərərək əməkhaqlarının 35 faiz artmasına nail olublar.

 

Bu il müsabiqəyə qatılmağa hazırlaşan müəllimlər üçün də həlledici məqam yetişib. Məktəbdə işə başlamaq, ya da iş yerini dəyişmək istəyən həmin müəllimlər gələn həftə elektron qaydada bu istəyini bildirə biləcəklər. Belə ki, növbəti həftədən müəllimlərin işə qəbulu üzrə imtahanlarda iştirak üçün elektron sənəd qəbulu başlayır.

 

Emin Əmrullayev deyib ki, iş axtaran namizədlərin ixtiyarına bu il 10 min, hətta daha çox vakant yer veriləcək.

 

Artan, sadəcə vakant yerlərin sayı deyil. Bu il eyni anda imtahan verən müəllimlərin sayını artırmağa nail olduqlarını deyən nazirin sözlərinə görə, 8 minə yaxın müəllimin eyni anda imtahan verməsinə nail olunub. Nazir eyni anda imtahan verənlərin sayının çox olmasına çalışmalarının səbəbini imtahan sualları və variantlar arasında fərq iddiaları ilə əsaslandırıb: “Hər il bir variantın digərindən asan olması kimi müzakirələr gedir. Eyni anda imtahan verənlərin sayının çoxalması variantların sayının azalması, hətta 1 varianta enməsi deməkdir. Hamı eyni vaxtda imtahan verəndə belə müzakirələrə ehtiyac qalmır”.

 

Nazir bildirib ki, bu il 31 imtahan mərkəzində 2 seansda imtahanlar keçiriləcək.

 

MƏKTƏBƏQƏDƏR təhsil müəssisələrində də SERTİFİKASİYA

 

Məktəbəqədər təhsil müəssisələrində həm tərbiyəçi-müəllimlərin, həm də uşaqların məlumatları vahid sistemdə toplanıb. Bu da müəllimlərin əməkhaqlarının hesablanması qaydası, diplomlarının, təhsil sənədlərinin şəffaf elektron formatda təşkili deməkdir. Elm və təhsil naziri bildirib ki, bu sistem sayəsində hər hansı müəllimlə bağlı istənilən məlumat çıxarılarsa, yaxud  müəllimin əməkhaqqı düzgün hesablanmazsa, sistem məlumat verir. Bu proses çərçivəsində 5881 nəfər, yəni bağçalarda çalışan tərbiyəçi müəllimlərin təxminən 49 faizinin məktəbəqədər təhsil üzrə ali və orta ixtisas təhsilinin olmadığı üzə çıxıb: “Hazırda onların bizdə bu sahə üzrə təhsil sənədi yoxdur. 2023-cü ilin mayında biz belə bir reallıqla üz-üzəyik”.

 

Təhsil sənədi olmayan tərbiyəçi-müəllimlərin aqibətinə gəlincə, Emin Əmrullayev onların işinə son verməyin müzakirə olunmadığını deyib. Lakin mübahisə yaradan məqam onların əməkhaqqı ilə bağlıdır: “Bizim kiminsə əməkhaqqını kəsmək niyyətimiz yoxdur. Qanunamüvafiq qaydada davranırıq və hər şey sistemə uyğundur. Bizim ixtiyarımız və səlahiyyətimiz yoxdur ki, təhsil sənədi olmayan tərbiyəçi-müəllimə daha çox əməkhaqqı verək. Ali təhsillidir, amma ixtisas sahəsi fərqlidirsə, biz onun ixtisasartırma və başqa mövcud sənədlərini nəzərə alırıq. Məqsədimiz həmkarımız olan müəllimlərin yanında olmaq, onların həyatını daha yaxşı etməyə çalışmaqdır. Amma eyni zamanda, Elm və Təhsil Nazirliyi dövlət qurumudur, bizim maliyyə məsuliyyətimiz var. Odur ki, uşaq bağçalarında tərbiyəçi müəllimlərin əməkhaqlarının diplomlara uyğunlaşdırılması prosesi getməlidir. Bu, bizim arzumuz yox, qaydaların tələbidir və biz hazırda bu prosesi sistemləşdiririk”.

 

Nazir bağçalarda işə qəbul məsələsinə də toxunub. Onun sözlərinə görə, mərkəzləşdirilmiş qaydada aparılan bu proses də uğurla davam edir: “366 namizədimiz uğurla müsahibələrdən keçib. Onlardan 128 nəfəri işlə təmin olunub. Tədricən, iş yerləri boşaldıqca müsabiqə əsasında işə qəbul davam edəcək”.

 

E.Əmrullayev xüsusi vurğulayıb ki, bağçalarda da tərbiyəçi-müəllim sayı ştatda nəzərdə tutulandan daha çoxdur. Odur ki, həmin bağçalarda uşaq sayı stat sayına uyğunlaşdırılmalıdır.Ya ştatdankənar işçilər yenidən işə qəbul müsabiqəsinə qatılmalı, ya da başqa format tapılmalıdır.

 

Qanunvericilikdə daha bir dəyişiklik isə tərbiyəçi-müəllimlərin sertifikatlaşdırılması ilə bağlı olacaq. Əgər gözlənilən dəyişiklik təsdiqlənsə, bağçalarda çalışan 17 minə yaxın pedaqoji heyət və idarəetmə heyəti sertifikasiyadan keçiriləcək.

 

Direktorların işə qəbul olunanı, vəzifədən azad edilənləri var

 

Ümumi təhsil və məktəbəqədər təhsil müəssisələrində aparılan monitoriqnlərin nəticəsi olaraq bu ilin əvvəlindən 22 məktəb direktoru, 19 bağça müdiri işində yol verdiyi nöqsanlara görə işdən çıxarılıb. Hazırda şagird sayı 500-dən az olan məktəblərdə 387, 500-dən çox olan məktəblərdə isə 148 direktor vəzifəsi boşdur. Direktorların işə qəbulu müsabiqəsində həmin vəzifələrə 1000-dən artıq şəxs iddia edib. 

 

Şagird yeri 500-dən az olan məktəblərdə direktor vəzifəsinə keçirilən müsabiqədə 1476 nəfər iştirak edib. Onlardan 601 nəfər uğur qazanıb və hazırda müsahibə mərhələsindədir.

 

Elm və təhsil naziri birinci sinfə qəbuldan da danışıb.

 

Mayın 11-də start verilən I sinfə qəbulun uğurla davam etdiyini deyən nazirin sözlərinə görə, bu il 140 min uşağın birinci sinfə qəbul olunacağı gözlənilirdi. Sistemin açıldığı ilk 5 gün ərzində 11 mindən artıq uşağı valideynləri qeydiyyatdan keçirib.  

 

Vətəndaşların rahatlığını təmin etmək üçün birinci sinfə 11 ASAN Xidmət Mərkəzində də qəbul aparıldığını vurğulayan nazirin sözlərinə görə, elektron qeydiyyatdan keçməkdə çətinlik çəkənlər ASAN Xidmət mərkəzlərinə yaxınlaşa bilərlər.

 

BEYNƏLXALQ QİYMƏTLƏNDİRMƏNİN NƏTİCƏLƏRİ pandemiyanın mənfi təsirini üzə çıxardı

 

Oxu nailiyyətlərinin qiymətləndirilməsi üzrə beynəlxalq tədqiqatın nəticələri (PİRLS 2021) də açıqlanıb. Həmin nəticələrdən danışan nazir E.Əmrullayev bildirib ki, bu tədqiqat COVID-19-un təsirlərini ölçməyə yönəlib. Nazirin sözlərinə görə, gözlənildiyi kimi qlobal nəticələrdə geriləmə müşahidə edilib: “PIRLS-də ümumilikdə 65 ölkə iştirak edir. Lakin bu qiymətləndirmədə Azərbaycan da daxil olmaqla 42 ölkə iştirak edib. Qalanları qiymətləndirməni növbəti il apara bilib. Belə ki, 2021-ci ilin mayında məktəblər bağlı olduğundan sorğu aparmaq mümkün olmayıb. Azərbaycanda ümumilikdə 184 qrup üzrə 5.3 min şagird iştirak edib. Bu da ölkə məktəblilərinin tam əhatə olunduğu deməkdir. Oxu nailiyyətləri sıralanması üzrə Azərbaycan 35-ci sırada 440 bal toplayıb. Müşahidələr onu deməyə əsas verir ki, COVID-19 təhsilə ciddi təsir edib. 2026-cı ildə növbəti “PIRLS”in nəticələri açıqlananda pandemiyadan sonrakı müddətdə itirdiklərimizi bərpa edib-etmədiyimizi biləcəyik. Təsirlər təkcə Azərbaycanda yox, bütün dünya ölkələrinin tədrisində hiss olunub. Yalnız 5 ölkə üzrə nəticələr sabit qalıb”.

 

“Bu, həm Dövlət Proqramın yaratdığı imkandır, həm də şagirdlərimizin  göstərdiyi nailiyyət”

 

2022-2026-cı illər Xaricdə təhsil üzrə Dövlət Proqramı davam edir. Hazırda 338 nəfər tələbəmiz xaricdə bakalavr səviyyəsi üzrə təhsil alır. E.Əmrullayev bu proqramın icrası ilə bağlı ürəkaçan məqamlara da toxunub.

 

Onun sözlərinə görə, hazırda 456 nəfər müraciət edib, onların 128 nəfəri öz ərzəsini təsdiq edib: “Sevindirici odur ki, artıq dünyanın ən qabaqcıl universitetlərinə çox sayda azərbaycanlı qəbul olunub. İndiyədək heç vaxt 7-8 nəfər azərbaycanlının hər hansı qabaqcıl universitetə qəbul olunması müşahidə edilməmişdi. Bu, həm Dövlət Proqramın yaratdığı imkandır, həm də şagirdlərimizin  göstərdiyi nailiyyətdir”.

 

Xatırladaq ki, bu il martın 30-da elan edilən Proqramda 1 iyun son tarix olaraq müəyyən edilib.

 

Ruhiyyə DAŞSALAHLI