Ümummilli Lider Heydər Əliyevin zəngin irsinə maraq şagirdləri bir araya gətirdi


Həmin gün paytaxt Bakının, eləcə də respublikanın ən müxtəlif  bölgələrindən gələn  şagirdlərini 20 nömrəli məktəb-liseydə bir araya gətirən səbəb Ümummilli Lider Heydər Əliyev haqqında onların öz fikir və düşüncələrini özünəməxsus səmimi hisslərlə, həm də bu dahi şəxsiyyətə dərin hörmət, sonsuz ehtiram duyğuları ilə ifadə etdikləri təqdimatları ilə fərqlənmələri idi.

 

Dahi şəxsiyyət Heydər Əliyevin anadan olması münasibətilə keçirilən “Ən yaxşı təqdimat” müsabiqəsi hər il bizlərə Ulu Öndərin irsinə  maraq göstərən  neçə-neçə istedadlı şagirdləri tanıdır. Məhz bu müsabiqə ölkənin   IX-XI sinif şagirdlərinin Ulu Öndərə olan hörmət və ehtiramlarını  özlərinə məxsus bir tərzdə, ədəbi-bədii, poetik dillə ifadə etmələrinə geniş  imkan yaradır.

 

Miqyasına görə ən böyük  tədbirlərdən biri hesab olunan müsabiqədə iştirak etmək və yer tutmaq hər bir şagirdin ən böyük arzusudur. Elə təsadüfi deyildir ki, məhz bu müsabiqəyə  qatılmaq istəyənərin  statistikasına nəzər yetirəndə ilbəil iştirakçı şagirdlərin sayının artmasının şahidi oluruq.

 

Mayın 15-də Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə təşkil olunmuş  “Ən yaxşı təqdimat” müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasiminin  budəfəki özəlliyi isə  məhz “Heydər Əliyev  İli”ndə keçirilməsi idi.

 

Tədbirdə elm və təhsil naziri Emin Əmrullayev, Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev, millət vəkilləri, nazirlik yanında İctimai Şuranın üzvləri və digər qonaqlar iştirak edirdilər.

 

Mərasimdə öncə Azərbaycan Milli Konservatoriyası nəzdində İncəsənət Gimnaziyasının xor kollektivinin ifasında Dövlət himni səsləndirildi.

 

Tədbirdə elm və təhsil naziri Emin Əmrullayev çıxış edərək Ümummilli Lider Heydər Əliyevin əvəzsiz xidmətlərindən danışdı. Ulu Öndərin 100 illik yubileyi münasibətilə təhsil müəssisələrində  çoxsaylı tədbirlərin keçirilməsinin müstəqillik tariximizin düzgün çatdırılması və bu istiqamətdə ideoloji işin təşkili baxımından önəmli olduğunu xüsusi vurğuladı.

 

Elm və təhsil naziri  “Ən yaxşı təqdimat” müsabiqəsinin  ölkə məktəbliləri    arasında müstəqil Azərbaycanın dövlət quruculuğunda Heydər Əliyev irsinin yaşadılması və daha dərindən öyrənilməsi baxımından əhəmiyyətini qeyd edərək hazırlanmış təqdimatlarda  dahi rəhbərin zəngin və çoxşaxəli fəaliyyətinin ən müxtəlif məqamlarının öz əksini tapmasını  onun əziz xatirəsinə dərin ehtiramın  göstəricisi olduğunu bildirdi: “Düşünürəm ki, bu müsabiqə məhz Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin qurulmasında, dövlətçiliyinin bərpa edilməsində , möhkəmləndirilməsində və ümumiyyətlə, müxtəlif sahələrdə - istər təhsil, iqtisadiyyat, istərsə də  siyasi, beynəlxalq münasibətlər və bir çox digər sahələri əhatə edən zəngin irsinin, genişmiqyaslı fəaliyyətinin və dövlətçilik fəlsəfəsinin gənc nəsil tərəfindən daha dərindən öyrənilməsi, araşdırılması baxımından həqiqətən çox unikaldır”.

 

Qeyd olundu ki, Ümummilli Lider Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə dövlətimizin hərtərəfli inkişafına və dünya miqyasında tanınmasına xidmət edən addımlar atıb. 1970-ci illərdə Heydər Əliyevin səyi nəticəsində Azərbaycanın məktəb şəbəkəsi genişləndirilib. Nazir  ali təhsildə əhatəliliyin artırılması, Azərbaycan gənclərinin xaricdə təhsil almaq ənənəsinin əsasının da məhz  Ümummilli Lider Heydər Əliyevin sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdə  qoyulduğunu söyləyərək  bu istiqamətdə mühüm işlərin görüldüyünü bildirdi. Emin Əmrullayev çıxışında  Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsi olaraq minlərlə azərbaycanlı gəncin keçmiş SSRİ-nin ən nüfuzlu ali məktəblərində təhsil almaq üçün göndərildiyini xatırlatdı. 

 

Elm və təhsil naziri  cari ilin  mayın 2-də Bakıda, Heydər Əliyev Sarayında keçirilən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş  Azərbaycandan kənarda təhsil almış mütəxəssislərin toplantısından müəyyən anları tədbir iştirakçılarının diqqətinə çatdıraraq  bununla bağlı təəssüratlarını paylaşdı: “Bu toplantının iştirakçısı kimi bir qədər geriyə baxanda çox fərqli bir hisslər yaşadıq. 20, 30, hətta 40 il bundan əvvəl tələbə adı daşımış insanların toplantıdakı çıxışları, səsləndirdikləri səmimi fikirlərdən bir daha əmin olduq ki, həqiqətən də həmin dövrdəki insanlara qoyulmuş investisiya  sonrakı dövrdə, xüsusilə müstəqilliyin  ilk illərində və daha sonra çox əvəzsiz bir kapitala çevrilmiş və Azərbaycanın inkişafına xidmət etmişdir”. 

 

Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Azərbaycan Prezidenti İlham Əliyevin də azərbaycanlı gənclərin xarici ölkələrin nüfuzlu ali məktəblərində təhsil almasına xüsusi önəm verdiyini söyləyən elm və təhsil naziri “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın çoxlu sayda Azərbaycan gəncinin dünyanın ən  nüfuzlu ali məktəblərində təhsil almasına geniş imkanlar yaratdığını  bildirdi.  Ölkə başçısı İlham Əliyevin imzaladığı “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”nın da  bu günün məktəblisi , sabahın isə tələbəsi olacaq gənclərimizə  dünyanın tanınmış universitetlərində və proqramlarında təhsil almaları üçün gözəl bir şans olduğunu qeyd etdi: “Əminəm ki, bu investisiya cənab Prezidentin qeyd etdiyi kimi “qara qızılın insan kapitalına çevrilməsi” prosesi uzunmüddətli vədədə məhz təhsilli gənclər vasitəsi ilə Azərbaycanın inkişafına  böyük bir təkan verəcək”.

 

Çıxışının sonunda nazir bütün təşkilatçılara, müsabiqənin keçirilməsində zəhməti olanlara təşəkkürünü bildirdi, qalibləri, onların müəllim və valideynlərini təbrik edərək ən xoş istəklərini çatdırdı.

 

Sonra qaliblər mükafatlandırılmaq üçün səhnəyə dəvət olundu. “Ən yaxşı təqdimat” müsabiqəsinin nəticələrinə əsasən 5 nəfər I, 10 nəfər II, 15 nəfər isə III dərəcəli diplomla təltif olundu  və onlara hədiyyələr təqdim edildi. Tədbirdə Azərbaycan Milli Konservatoriyası nəzdində İncəsənət Gimnaziyası şagirdlərinin və 2 nömrəli Uşaq - Gənclər İnkişaf Mərkəzinin “Təbəssüm” rəqs qrupunun ifasında musiqi nömrələri səsləndirildi, rəqslər nümayiş etdirildi.

 

Samirə  KƏRİMOVA