Təhsilin İnkişafı Fondunun yeni layihəsi gənclərin yenilikçi ideyalarını dəstəkləyir


Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsi Nuray Nəzərli səsi mətnə çevirən texnologiya təklif edib. “Hearead” adlandırdığı bu texnologiya ilə o, auditoriyanı nəinki müəllimdən uzaq məsafədə oturan, hətta eşitmə məhdudiyyəti olan tələbələr üçün də eşidilən edib. Mühazirəni anındaca oxumaq imkanı yaradan yeni sistem sayəsində eşitmə məhdudiyyəti üzündən danışmaqda çətinlik çəkənlər müəllimə sual belə verə bilir.

 

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində “Kompüter elmləri” ixtisası üzrə təhsil alan III kurs tələbəsi Asim Əzizov isə resurs çatışmazlığı hiss edilən fənlər üçün texnologiyanın iştirakı ilə həll düşünüb.  “Moove” adını verdiyi layihəsinin bir çox problemlər üçün ağıllı çıxış yolu olacağına inanan Asim buna Təhsilin İnkişafı Fondunun elan etdiyi “Təhsildə innovativ metodların tətbiqi” müsabiqəsinin münsiflər heyətini də inandırıb ki, qalib kimi ilk üçlüyə daxil ola bilib. Bu tətbiq vasitəsilə tələbələr gedib görə bilmədikləri yerlərə səyahət edə biləcək, öyrənmədə əyaniliyə nail olunacaq.

 

Əsasən sənayedə istifadə olunan rəqəmsal əkiz texnologiyasını təhsilə gətirməyə iddialı tələbə isə Bakı Ali Neft Məktəbində “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə II kursda təhsil alır. Onun adı Zahid Abdullayevdir. Zahid  rəqəmsal əkiz texnologiyasının təhsildə tətbiqini araşdırıb. Əvvəlcə problemləri müəyyənləşdirib. Onun qəhrəmanı Aytac adlı məktəblidir. Ayrı-ayrı fənlər üzrə özünü inkişaf etdirə bilməyən məktəblinin köməyinə də Zahidin texnologiyası çatır.

 

PISA imtahanlarının nəticələrini araşdıran tələbə Azərbaycan məktəblilərinin texniki və təbiət elmləri üzrə zəifliyinin səbəbini öyrənib. Çatışmazlıqları hiss etdirməməyin ən yaxşı yolu olaraq da rəqəmsal əkiz texnologiyasını təhsilə gətirməyi düşünüb.

 

3 tələbə, 3 təqdimat, 3 problem və 3 həll yolu. Asim, Nuray və Zahid Təhsilin İnkişafı Fondunun təşəbbüsü ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “Təhsilin inkişafında innovativ metodlar” müsabiqəsinin qalibləridirlər. Mükafatlandırılma mərasimində hər biri öz layihəsini qürurla təqdim edib.

 

Həmin tədbirdə Elm və Təhsil Nazirliyinin nümayəndələri, ali təhsil müəssisələrinin rəhbər şəxsləri, nazirlik yanında İctimai Şuranın üzvləri, özəl və dövlət qurumlarının nümayəndələri və tələbələr iştirak ediblər.

 

“Müsabiqə tələbələrin hər hansı problemə, onun həllinə yanaşmasını ortaya qoydu”

 

Azərbaycan Texniki Universitetində baş tutan tədbirdə universitetin rektoru Vilayət Vəliyev açılış nitqi ilə çıxış edib. Təhsilin İnkişafı Fondunun təşəbbüsü ilə keçirilən müsabiqəni tələbələrin potensialının qiymətləndirilməsi istiqamətində təqdirəlayiq addım hesab edib. V.Vəliyev müasir çağırışların sənaye və təhsilin inteqrasiyasını qaçılmaz faktora çevirdiyindən, bu yolda ali təhsil müəssisələrinin müstəsna rolundan danışıb. Bu önəmli missiyanın icrasına Azərbaycan Texniki Universitetinin çox ciddi hazırlaşdığını qeyd edən rektor universitetdə müasir innovasiyalara uyğun islahatların həyata keçirildiyini, texnopark və inkubasiya mərkəzinin yaradılması istiqamətində mühüm işlər görüldüyünü bildirib: “Bu müsabiqə tələbələrin hər hansı problemə, onun həllinə yanaşmasını ortaya qoydu. Hesab edirəm ki, universitetlərdə çatışmayan cəhətlərdən biri məhz problemin qoyuluşudur”.

 

“Məqsədimiz tələbələrin təhsilin inkişafına töhfə verəcək ideyalarını dəstəkləməkdir”

 

Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov müsabiqə ilə bağlı məlumat verərək məqsədlərdən də danışıb: “Müsabiqəni təşkil etməkdə məqsədimiz Ulu Öndərin elmə, təhsilə və gənclərə qayğısını rəhbər tutaraq, tələbələrin təhsilin inkişafına töhfə verəcək ideyalarını dəstəkləməkdir. Ona görə də elə bir layihə düşündük ki, təhsilin inkişafına gənclərin, tələbələrin fərqli rakursdan baxmalarını təmin etsin. Tələbələrin təqdimatları göstərir ki, biz bu məqsədimizə çatdıq”.

 

Müsabiqənin Ulu Öndərin 100 illiyinə həsr olunmasının qürurverici olduğunu dilə gətirən E.Nəsibov bunu Fondun Heydər Əliyev ənənələrinə sədaqətinin nümunəsi kimi qiymətləndirib: “Elmə, təhsilə və gənclərə qayğı, insan kapitalının inkişafına diqqət dahi şəxsiyyətin siyasətində önəmli yer tuturdu. Müsabiqə də Ulu Öndərin ideyalarına sadiq qalaraq təhsilin inkişafına töhfə verəcək ideyaları dəstəkləyir”.

 

O, “Təhsilin inkişafında innovativ metodlar” müsabiqəsinə olan maraqdan danışıb və bunun təsadüfi olmadığını deyib: “Müsabiqə böyük maraqla qarşılandı. Qısa müddət ərzində 150 tələbə müsabiqəyə öz layihəsini təqdim etdi. Aralarında maraqlı mövzular çoxdur. Müxtəlif mövqelərdən çıxış edən təqdimatlar var və hər biri təhsilin inkişafına töhfə verəcək”.

 

E.Nəsibov ilk onluğa daxil olan müsabiqə iştirakçıları ilə ayrıca görüşün keçiriləcəyini də qeyd edib: “Çünki bu 10 layihənin hər biri diqqətə layiqdir. Hər kəs öz maraq istiqamətində olan bir layihəni inkişaf etdirə bilər”.

 

“Buradan çıxan ideyalar gələcək inkişaf üçün daha yaxşı həll yolları, metodologiya təklif edəcək”

 

Elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli layihəni əhəmiyyətinə görə qiymətləndirib: “Təhsilin tamamilə transformasiyası ilə bağlı dünyada müzakirələr gedir. Xüsusən, ali məktəb təhsilinin əhəmiyyəti,  hətta ehtiyac olub-olmadığı tez-tez müzakirələrə səbəb olur. Təhsilə ehtiyac varmı? Varsa, necə olmalıdır? Təhsil necə dəyişməlidir? Hansı istiqamətdə transformasiya etməlidir ki, dövrün çağırışlarına cavab verə, müasir inkişaf sürəti ilə ayaqlaşa bilsin? Bu suallar təhsil ictimaiyyətini düşündürür. Təhsil 500 il əvvəlki kimi yenə universitet divarları arasında, lövhə qarşısında davam edəcəksə, bu, problemdir və barəsində ciddi danışılır. İnnovativ metodları təhsilə necə gətirmək lazımdır və gənclər bu barədə nə düşünür? Bu, çox mühüm əhəmiyyətli məsələdir”.

 

N.Məmmədli deyib ki, bu yaxınlarda Londonda keçirilən Dünya Təhsil Forumunda da texnoloji yeniliklərin təhsildə necə əks olunması əsas müzakirə mövzularından birinə çevrilib: “Dünya Təhsil Forumunda çıxış edənlərin çoxu bu fikirdədir ki, texnologiyanın qarşısını ala bilməyəcəyik, ən yaxşısı təhsilimizi texnologiyalarla bərabər dəyişərək irəli aparmağın yollarını tapmaqdır. Mənə elə gəlir ki, bundan yaxşı həll yolu tapa bilməyəcəyik. Məhz bu kimi həll yollarını gənclərimizin düşünməsi, problemlərin qoyuluşu, həll yolları axtarılması çox gözəl startapların, hətta şirkətlərin ortaya çıxmasına səbəb ola bilər. Ona görə də bu müsabiqənin keçirilməsi və belə bir problemi əhatə etməsi çox gözəl ideyadır. Buna görə Təhsilin İnkişafı Fondunu təbrik edirəm. Hesab edirəm ki, burdan çıxan ideyalar gələcək inkişaf üçün daha yaxşı həll yolları, metodologiya təklif edəcək. Bununla dövlətimizə, millətimizə, bütövlükdə bəşəriyyətə xidmət edəcək”.

 

Ən yaxşı layihələr də, onları seçənlər də mükafatlandırıldı

 

3 qalib tələbə ideyalarını tədbir iştirakçılarına təqdim etdikdən sonra I, II və III yerlərin sahibləri elan olunub, qaliblər mükafatlandırıldılar. 1-ci yerə Bakı Ali Neft Məktəbinin tələbəsi Zahid Abdullayev, 2-ci və 3-cü yerlərə isə müvafiq olaraq Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbələri Nuray Nəzərli və Asim Əzizov layiq görüldülər.

 

Müsabiqənin həlledici mərhələsində rolu yüksək qiymətləndirilən münsiflər heyətinin üzvləri - ADA universitetinin akademik işlər üzrə prorektoru Vəfa Kazdal, FEMact Qadın Fondunun təsisçisi Pərvanə Məmmədova, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Anar Məmmədov, Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəis müavini Zaur Kazımov, UNICEF-in Azərbaycandakı Nümayəndəliyinin Təhsil Proqramının rəhbəri Leyla Həsənova və Təhsilin İnkişafı Fondunun Layihələrin idarə olunması və biznesin inkişafı şöbəsinin müdiri Nərgiz İsmayılova mükafatlandırıldılar.

 

REGİON universitetləri Fondun diqqətindədir

 

Xatırladaq ki, 2 mərhələdən ibarət olan müsabiqəyə 20 gün ərzində 28 ali təhsil müəssisəsindən 150 müraciət daxil olub.

 

Tələbələr “İnklüziv təhsilin inkişafı”, “Qeyri-formal təhsil metodları”, “Təhsildə texnologiyanın tətbiqi” və “Təhsildə idarəetmə” mövzuları üzrə ideya və təkliflərini təqdim ediblər.

 

I mərhələdə iştirakçıların hazırladığı təqdimat mövzunun aktuallığı, faydalılığı, kontenti və dizaynı kimi meyarlar üzrə qiymətləndirilib.

 

II mərhələdə iştirak hüququ qazanan 11 nəfər finalçı təkliflərini münsiflər heyətinə təqdim edib. 

 

Ümumiyyətlə, qeyd edək ki, Təhsilin İnkişafı Fondunun layihələri ictimaiyyətdə maraqla qarşılanır və dəstəklənir. Görünən odur ki, “Gənc qızların təhsilinə dəstək”, “IELTS  sertifikat imtahanlarının təşviq olunması” layihələrindən sonra bu müsabiqə Fondun fəaliyyətində xüsusi iz buraxacaq.

 

Fondun İdarə Heyətinin sədri bunun fərqində olduqlarını deyib: “Bu layihəmiz də çox maraqla qarşılanıb. Ölkəmizdə fəaliyyət göstərən region universitetlərindən Lənkəran, Mingəçevir, Gəncədə fəaliyyət göstərən ali təhsil müəssisələri bu layihədə fəal iştirak etdilər”.

 

Təhsil müəssisələrinin əsasən Bakıda cəmləşdiyini vurğulayaraq paytaxtdakı universitetlərin daha fəal olduğunu deyən E.Nəsibov regionlar üçün ayrıca layihələr nəzərdə tutulduğunu söyləyib.

 

Ruhiyyə DAŞSALAHLI