STEAM İnnovasiya Mərkəzində “Mexatronika” yarışının qalibləri mükafatlandırılıb


Mayın 12-də STEAM İnnovasiya Mərkəzində Beynəlxalq Qadınlar Riyaziyyatda Gününə həsr olunmuş “Mexatronika” yarışının final mərhələsi və mükafatlandırma mərasimi keçirilib. Yarış “Qızların STEAM və İKT bacarıqlarının artırılması və karyera seçiminə dəstək” layihəsi çərçivəsində təşkil olunub. Tədbirdə elm və təhsil nazirinin müavini Həsən Həsənli, UNISEF-in Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Aleks Haykens, layihə əməkdaşları və şagirdlər iştirak ediblər.

 

“STEAM Azərbaycan” layihəsinin rəhbəri İqrar Nəzərov qonaqları salamlayaraq STEAM layihəsi və bu çərçivədə növbəti illərdə görüləcək işlərə dair təqdimatla çıxış edib. İ.Nəzərov sözügedən layihənin 2-ci fazası çərçivəsində şagirdlərin ənənəvi tədris metodları ilə yanaşı yeni innovativ modullara əlçatanlığın təmin olunması, həmin modulların onların gələcək karyerasına müsbət təsirlərindən danışıb, STEAM layihəsinə cəlb olunan qız şagirdlərin və layihədə iştirak edən müəllimlərin statistikası barədə ətraflı məlumat verib.

 

Mərasimdə çıxış edən elm və təhsil nazirinin müavini Həsən Həsənli birgə həyata keçirilən əməkdaşlıq layihəsinin əhəmiyyətini vurğulayaraq STEAM məzmununun, inteqrə olunmuş təhsilin önəmindən bəhs edib. Bu istiqamətin ölkəmizdə artıq bir neçə ildir təşviq olunduğunu qeyd edən nazir müavini layihə çərçivəsində dünyada aktual olan problemlərin həll yollarının axtarıldığına diqqət çəkərək layihədə iştirak edən şagirdlərə təbrikini çatdırıb.

 

UNISEF-in Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Aleks Haykens STEAM İnnovasiya Mərkəzi ilə tanışlığın onda çox müsbət təəssüratlar doğurduğunu dilə gətirərək rəqəmsal İKT bacarıqlarının üstünlüklərindən danışıb. A.Haykens layihənin həyata keçirilməsinə töhfə verən Elm və Təhsil Nazirliyinə, müəllimlərə təşəkkürünü bildirib, bu proqramın iştirakçıların gələcək karyera seçimində mütəxəssis kimi yetişmələrində müstəsna təsiri olacağını vurğulayıb.

 

Daha sonra layihə çərçivəsində “Mexatronika” yarışının final mərhələsi üzrə qalib gəlmiş komandalara sertifikat və mükafatlar təqdim edilib. Birinci yerə Şirvanı təmsil edən “Golden Persons”, ikinci yerə Lənkərandan “Brain Power”, 3-cü yerə isə Sabirabadın “Venera” komandası layiq görülüb.

 

Qeyd edək ki, sözügedən layihə UNISEF-in Azərbaycandakı Nümayəndəliyi və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin əməkdaşlığı çərçivəsində həyata keçirilir. Bərdə, Lənkəran, Tovuz, Şirvan və Sabirabad olmaqla ölkənin 5 bölgəsində ümumilikdə 100 qız şagirdin qatıldığı 50 komanda əvvəlcə “Qadınlar kosmosda” adlı seçim turunda iştirak edib.  “Kosmik texnologiyalarda riyazi həllər” adlı final turunda isə 15 komandadan 30 şagird iştirak hüququ qazanıb.

 

STEAM Mərkəzində təşkil olunan proqramın əsas məqsədi qız şagirdlərin STEAM təhsili və rəqəmsal bacarıqlarının inkişaf etdirilməsi və bu istiqamətdə peşələrə yönəlməsi üçün əlverişli mühitin yaradılmasıdır.

 

Lamiyə ƏLİMƏRDANOVA