Venesuela parlamentinin nümayəndə heyəti Azərbaycan Dillər Universitetinin (ADU) qonağı olub. Qonaqları ADU-da görməkdən məmnun olduğunu bildirən rektor akademik Kamal Abdulla universitetin beynəlxalq əlaqələrindən danışıb, tədris olunan dillər haqqında məlumat verib. Qeyd olunub ki, ADU-da 20-dən artıq ölkənin dil və mədəniyyət mərkəzi fəaliyyət göstərir. Görüşdə iki ölkə arasında təhsil və elm istiqamətində olan əməkdaşlığa diqqət çəkilib, bu yöndə gələcəkdə addımların atılmasının vacibliyi vurğulanıb.

 

Təhsil sahəsinin ölkəsi üçün fundamental sahə olduğunu diqqətə çatdıran Venesuela parlamentinin İnzibati və xidmətlər daimi komissiyasının sədri Pedro Karreno Azərbaycan Dillər Universiteti ilə Venesuelanın aparıcı universitetlərinin əməkdaşlıqla bağlı saziş imzalamasının müzakirə edildiyini bildirib. Qeyd olunub ki, məhz bu əməkdaşlıq nəticəsində tələbə mübadiləsi, Azərbaycan dilinin tədrisi, ədəbiyyat və mədəniyyət sahəsində qarşılıqlı tərcümə işlərinin aparılması mümkün olacaq.

 

Venesuelanın Azərbaycandakı səfiri Kristofer Alberto Martinez Berroteran, parlamentin iqtisadiyyat, maliyyə və milli inkişaf üzrə daimi komissiyasının sədri Jesus Foria müxtəlif sahələr üzrə əməkdaşlığın perspektivlərindən danışıblar.

 

Sonda nümayəndə heyətinin üzvləri ADU-nun tələbələri ilə görüşüb, onların suallarını cavablandırıblar.