5 mart 2023-cü il tarixində keçirilmiş tam orta təhsil səviyyəsi üzrə təhsilalanların yekun attestasiyası imtahanının nəticələri ilə bağlı təşkil edilən Apelyasiya Komissiyasına 5144 şagird 18036 tapşırıq üzrə qiymətlərinin araşdırılması üçün ərizə ilə müraciət edib. 

 

Dövlət İmtahan Mərkəzindən bildirilib ki, onlardan 1009 şagirdin 1144 tapşırıq (bu istiqamət üzrə bütün yazı işlərinin 0,09%-i) üzrə qiymətində dəyişiklik edilib, digər iddialarla bağlı isə şagirdlərə yazı işinin yerinə yetirilməsində yol verdikləri səhvlər izah olunub. 1144 düzəliş edilmə halından 195-i şagirdin bir tapşırığa aid yazı işini başqa tapşırıq üçün ayrılmış hissəyə yazması ilə bağlıdır. Bundan əlavə, Apelyasiya Komissiyasının qərarı ilə riyaziyyat fənni üzrə 81 nömrəli tapşırığın qiymətləndirmə meyarının "E" bəndi "0.33" ballıq qrupdan "0.67" ballıq qrupa keçirilib və yazı işi bu hala uyğun olan şagirdlərin nəticələrində müvafiq dəyişiklik edilib.

 

Şagirdlərin nəzərinə çatdırılır ki, qeyd olunan dəyişikliklər artıq onların imtahan nəticələri ilə əlaqədar yaradılmış səhifələrində öz əksini tapıb. Ona görə də şagirdlərə səhifələrinə daxil olaraq apelyasiyanın nəticələri ilə tanış olmaq tövsiyə edilir.

 

Qeyd edək ki, sözügedən imtahanda 50 mindən çox şagird iştirak edib və bu şagirdlər ümumilikdə 1 milyon 200 mindən çox yazı işi yerinə yetirib.