300 illik yubileyi qeyd edilən şairin həyat və yaradıcılığı Beynəlxalq elmi-praktik konfransın mövzusu oldu


Türk dünyası XVIII əsr türkmən realist ədəbiyyatının banisi, böyük mütəfəkkir şair Məhtumqulu Fəraqinin bu il 300 illik yubileyini qeyd edir. Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) bu münasibətlə 2024-cü ili “Məhtumqulu İli” elan edib. Yubiley tədbirlərinə Azərbaycan da qoşulub.

 

Növbəti belə tədbir Azərbaycan Dövlət Pedaqoji Universitetində təşkil edilib. Türkmənistanın Azərbaycandakı səfirliyi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Türksoy kafedrası və M.Fəraqi adına Türkmən Dövlət Universiteti “Məhtumqulu Fəraqi və dünya ədəbiyyatı” adlı Beynəlxalq elmi-praktik konfransa təşkilatçılıq ediblər.

 

Tədbirdə Türkmənistanın Azərbaycandakı konsulu Sultan Açılov da iştirak edib. Türkmən Dövlət Universiteti və Türkmənistan Milli Elmlər Akademiyası konfransa video-bağlantı ilə qoşulub.

 

Giriş nitqi ilə çıxış edən ADPU-nun elm və innovasiyalar üzrə prorektoru, fizika-riyaziyyat elmləri doktoru, professor Asəf Zamanov dünya ədəbiyyatı xəzinəsinə yüksək bədii dəyəri olan əsərlər bəxş etmiş Məhtumqulu Fəraqinin  yeni ədəbiyyatın yaradıcısı kimi şöhrət tapdığını deyib. Məhtumqulunun həyatı ilə bağlı məlumat verən professor onun yaşadıqlarına, xüsusən yaradıcılığına çox böyük təsiri olan hadisələrə diqqət çəkib. Şairin nakam sevgisi, uğursuz ailə həyatı, övlad itkisi və mübarizədə keçən ömrü yaradıcılığında əksini tapıb. Ancaq yaşadıqları onun bədii dilini gücləndirib ki, istedadından heç nə əksiltməyib. Nəticədə xalq və klassik şeir ənənələri zəminində inkişaf edən XVIII əsr türkmən ədəbiyyatı M.Fəraqi yaradıcılığı ilə yeni tarixi inkişaf mərhələsinə başlayıb: “O, XVIII əsr klassik türkmən ədəbiyyatında realist şeirin əsasını qoyub”.

 

M.Fəraqi adına Türkmən Dövlət Universitetinin şöbə müdiri, tarix elmləri namizədi Murad Hocaquliyev M.Fəraqinin dünya ədəbiyyatındakı yerinə və türk dünyasında şairə verilən dəyərə diqqət çəkib. Azərbaycanın şairin yubiley tədbirlərində fəal iştirakını yüksək qiymətləndirib.

 

Elmi konfransda M.Fəraqinin türkmən tayfalarının birliyi uğrunda mübarizəsinə geniş yer ayrılıb, əfqan hökmdarı Əhməd şahla, türkmənlərin görkəmli siyasi xadimi Çovdar xanla görüşləri xatırlanıb. Nadir şaha, Nurəli xana qarşı türkmənlərin üsyanlarında fəal iştirakı, bu uğurda verdiyi qurbanlara toxunulub. Bildirilib ki, ilk növbədə vətəndaş şair olan M.Fəraqi yaradıcılığı, əsasən türkmən həyatı ilə bağlıdır.

 

Tədbirdə çıxış edənlər xalq və klassik şeir ənənələri zəminində inkişaf edən XVIII əsr türkmən ədəbiyyatının M.Fəraqi yaradıcılığı ilə yeni tarixi inkişaf mərhələsinə qədəm qoyduğunu bildiriblər. Çıxışçılar onun övlad itkisi ilə bağlı kədərini necə ifadə etdiyinə, öz yaradıcılığında məhəbbətə xüsusi yer ayırdığına diqqət çəkib. Ancaq M.Fəraqi, ilk növbədə, vətəndaş şairdir. Bu barədə xüsusi söz açan Fəraqisevərlər şairdən danışarkən fikirlərini onun öz şeirləri ilə gücləndiriblər.

 

Azərbaycan Dövlət Pedaqoji Universiteti və M.Fəraqi adına Türkmən Dövlət Universiteti tələbələrinin görkəmli şairin yaradıcılığından təqdim etdikləri nümunələr xüsusilə maraqlı olub.

 

Türkmənistan Respublikasının Azərbaycandakı konsulu Sultan Açılov yüksək səviyyədə təşkilatçılığa görə ADPU rəhbərliyinə təşəkkürünü bildirib.

 

Ruhiyyə DAŞSALAHLI